Sərraf Balaxan: “Builki “Yay məktəbi” gənc liderlər adlanır” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisinin rəhbəri Sərraf Balaxanının SİA-ya müsahibəsi:
- Sərraf müəllim, Yeni Azərbaycan Partiyası vaxtaşırı olaraq gənclər üçün müxtəlif layihələr həyata keçirir. "Yay məktəbi" də bu layihələrdən biridir. Sizcə, "Yay məktəbi" layihəsinin əsas məqsəd və məramı nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası hər il nəinki yay məktəbləri, o cümlədən qış məktəbləri də təşkil edir. Lakin yay məktəbləri öz tərkibinə görə, qış məktəblərindən daha genişdir. Təşkil edilən yay məktəbləri ilk növbədə, il ərzində partiya üçün aktiv fəaliyyəti ilə seçilən gənclərin fəaliyyətini dəyərləndirir, onların asudə vaxtlarından səmərəli istifadə etmələri üçün imkanlar yaradır. Məhz buna görə də, təşkil olunmuş yay məktəblərinin tərkibinə partiyanın ictimai-siyasi tədbirlərində müvəffəqiyyətlə iştirak etmiş gənclər cəlb olunur. Bu il yay məktəbləri əsasən Oğuz və Masallı istiqamətində təşkil olunacaq. Bildiyimiz kimi, ötən ilki yay məktəblərinin əsas şüarı "Liderliyə Gedən Yol" adlanırdı. Lakin keçən ilkindən fərqli olaraq, builki yay məktəbi isə "Gənc Liderlər" adlanır. Partiya tərəfindən gənclərdə liderlik xüsusiyyətlərini formalaşdırmaq üçün xüsusi proqramlar tərtib olunub. Proqrama əsasən gənclər asudə vaxtlarından səmərəli şəkildə istifadə edəcək, eyni zamanda liderlik xüsusiyyətlərini inkişaf etdirmək üçün müxtəlif seminar və treyninqlərdə iştirak edəcəklər. Yay məktəbinin ən önəmli xüsusiyyətlərindən biri də, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal olan tanınmış şəxslərlə, elm adamları və millət vəkilləri ilə yaxından görüşmək imkanı əldə etməsidir. Onlar bu kimi şəxslərlə fikir mübadiləsi apararaq, öz düşüncələrini ortaya qoyurlar. Bu da onların yeni biliklər əldə etməsinə imkan yaradır. Onu da qeyd etmək istəyirəm ki, builki yay məktəbi Bakı şəhəri və regionları da əhatə etməklə, 600 gənci özündə birləşdirir. Onlardan 200-ü respublikanın müxtəlif rayon və şəhərlərini, digər 400 nəfəri isə Bakı şəhərini təmsil edirlər.
- "Yay məktəbi" layihəsi çərçivəsində qazanılan uğur və nailiyyətləri hansı faktlarla göstərmək olar?
- Hər il yay və qış məktəbləri yekunlaşdıqdan sonra biz onun nəticələrini təhlil edir, nəticədə bir sıra uğurlar qazandığımız qənaətinə gəlirik. Ən uğurlu nəticələrdən biri də yay məktəblərini təşkil etməklə intellektual gənclərin yetişdirilməsinə yardımçı olmaqdır. Bir faktı da qeyd etmək istəyirəm ki, hər növbəti il təşkil olunacaq yay məktəblərində iştirak etmək üçün səy göstərirlər. Bu da sərf olunan əməyin əbəs olmadığını, yay məktəblərinin gənclərdə xoş təəssürat yaratdığını deməyə əsas verir. Hətta biz bu il nəzərdə tutulmuş ərazilərə gedəcək gənclərin siyahısını tərtib edərkən seçim qarşısında qaldıq. Buna səbəb onların həddindən artıq çoxluq təşkil etməsi idi. Yerlər məhdud olduğundan xüsusi kriteriyalara uyğun seçim etmək məcburiyyətində qaldıq.
Onu da qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının Bakı şəhərində yerləşən 11 rayon təşkilatının qərargahında çalışan gənclər məhz yay məktəbində aktiv iştirak edən gənclərdir. Onlar aktiv fəaliyyəti qiymətləndirilərək partiyanın idarəetmə işlərinə dəvət olunublar.
- Məlumdur ki, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. "Yay məktəb"ində iştirak edən gənclərlə prezident seçkiləri barədə hər hansı müzakirələr aparılır?
- Əlbəttə, bu haqda geniş müzakirələr aparılır. Hətta proqram çərçivəsində bir günün bütünlüklə bu mövzuya sərf olunacağı nəzərdə tutulub. Proqrama seçkilərlə bağlı "oyun" ssenarisi də daxildir. Bu ssenari çərçivəsində onlar öz aralarından namizəd seçib, öz seçicilərini müəyyən edəcəklər. Bu kiçik səhnəcikdə seçki prosesinin gedişi öz əksini tapacaq. Bu prosesin həyata keçirilməsi onların seçki barədə maarifləndirilmələri üçün nəzərdə tutulub. Biz bilirik ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi seçkilərin təşkilində əhəmiyyətli qüvvədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB