Şəhid ailələri İsa Sadıqovun həbs olunmasını tələb edir

Şəhid ailələri İsa Sadıqovun həbs olunmasını tələb edir

Bu gün 1992-ci il 29 dekabr tarixində Lələkənd və Ballıqaya döyüş əməliyyatı zamanı əməliyyata rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı həmin döyüşdə şəhid olmuş 29 döyüşçünün valideynlərinin və adları əməliyyatda yer alan bəzi əsgərlərin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Respublika Hərbi Prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib ki, həmin fakta görə 25 fevral 1993-cü il tarixində Qazax qarnizonu hərbi prokurorluğu tərəfindən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin V bəndi ilə cinayət işi başlanılıb və istintaqı aparılıb. Müxtəlif dövrlərdə həmin cinayət işinin icraatı dayandırılsa da, zərərçəkmişlərin müraciətləri əsasında qərar 14 aprel 2012-ci il tarixində təzələnib və CM-nin 341.3-cü maddəsinə tövsif olunub.

Çıxış edən Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov bildirib ki, 707 saylı hərbi hissənin döyüş əməliyyatı zamanı 28 nəfər düşmən tərəfindən Lələkənd yaxınlığında, 3 nəfər BallıQaya istiqamətində mühasirəyə alınaraq qətlə yetirilib, çoxsaylı hərbçi isə müxtəlif bədən xəsarətləri alıb: "Bu cinayət işi 1993-cü ilin fevralında başlanıb. Lakin işin tam obyektiv aparılması təmin olunmayıb. Bunun da obyektiv və subyektiv səbəbləri olub. Cinayət işi yenidən öyrənilərkən yenidən ekspertiza təyin olunub və ekspertiza Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsinin mütəxəssislərinə həvalə olunub. Ekspertiza zamanı 707 saylı hərbi hissə komandanlığının səriştəsizlik göstərdiyi, mühasirədə olan şəxslərin çıxarılması üçün heç bir addım atılmadığı göstərilib. İş zamanı müəyyən olunub ki, sabiq hərbi hissə komandiri İsa Sadıqov tərəfindən özbaşına keçirilmiş əməliyyat korpus komandiri Dadaş Rzayev və müavini Hamlet Hüseynovla razılaşdırılmayıb. Cinayət işinin istintaqı zamanı məlum olub ki, İsa Sadıqov komandir vəzifəsində şəxsi maraqlarından çıxış edib, qulluq səlahiyyətini aşıb, özbaşına qərarlar qəbul edib. Tabeliyində olan birinci taborun birinci bölüyünü döyüş əməliyyatına cəlb edib. Baş leytenant Novruz İsmiyev şəxsi heyətin döyüşə hazır olmadığını söyləsə də, buna fikir verməyib".

Həmçinin Ü.Əhmədov qeyd edib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən İ.Sadıqov barəsində 12 iyun 2013-cü il tarixində həbs qərarı verilib: "Qazax rayon Polis Şöbəsi isə həmin qərar əsasında İ.Sadıqov barəsində iyunun 16-da beynəlxalq axtarış elan edib. İstintaq davam edir".

Həmin dövrdə hərbi hissədə tabor komandiri olmuş, polkovnik-leytenant Novruz İsmiyev deyib ki, bu tapşırığı aldıqdan sonra hərbi hissə komandirinə hazırlıq üçün vaxt lazım olduğunu bildirib, lakin təklif qəbul edilməyib: "Tapşırıq döyüşün məqsəd və niyyətini tam aydınlaşdırmadı. Həmçinin təklifimdən sonra İsa Sadıqov məni tabor komandiri kimi döyüşü idarə etməkdən uzaqlaşdırdı".

Həmin dövrdə adıçəkilən hərbi hissədə bölük komandiri olmuş Valeh Sadiqli bildirib ki, onlara verilən tapşırıq 90% yerinə yetirilib: "Briqada komandiri əməliyyat zamanı bizə kömək göndərməyə söz versə də, ehtiyac olan köməyi göndərmədi. Biz demək olar ki, 120 nəfər şəxsi heyətlə kəndi almışdıq. Lakin kömək gəlmədi. Nəticə etibarilə, mühasirəyə düşdük. Böyük itkilər verərək geri çəkildik. Amma söz vermişdilər ki, 11 tank, 7 BMP və 200 nəfər şəxsi heyət köməyə gəlməli idi".

Daha sonra Lələkənd döyüşündə şəhid olmuş döyüşçülərin valideynləri çıxış ediblər. Şəhid Elməddin Musayevin atası Həsən Musayev bildirib ki, oğlunun şəhid olması barədə ona hərbi hissə komandanlığı tərəfindən heç bir məlumat verilməyib: "İsa Sadıqovun qəbuluna düşüb, oğlumun niyə ölməsi və niyə onlara kömək göndərilmədiyini öyrənmək istədim, amma məni qəbul etmədi. Onu ittiham edəndə əmr etdi ki, məni ordan uzaqlaşdırsınlar".

Həmin döyüşdə şəhid olmuş 29 döyüşçünün valideynləri və əməliyyatda iştirak etmiş bəzi əsgərlər 31 nəfər əsgərin şəhid olması faktına görə səbəbkarların tapılıb cəzalandırılmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə