Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı Şirvan-Muğan qrup su kəmərinin texniki göstəricilərini və Şirvan şəhərinin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış olub.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verib ki, Şirvan şəhərinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan verilir. Bu sistemin istismar müddəti çoxdan başa çatıb. Şəhər əhalisinin bir hissəsi Kür çayının qismən təmizlənmiş suyu ilə günaşırı olmaqla 12 saatlıq rejimlə təchiz edilir. Mövcud sutəmizləyici qurğunun məhsuldarlığı yeni salınan yaşayış massivini su ilə təchiz etməyə imkan vermir. Artan tələbatı ödəmək üçün yeni mənbə kimi Şirvan-Muğan qrup kəməri seçilib. Rəsmi statistikaya əsasən, hazırda Şirvan şəhərinin əhalisinin sayı 79 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmuşdur. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir.
Şirvan şəhərinin mərkəzləşdirilmiş içməli su şəbəkəsinin uzunluğu 66, kanalizasiya şəbəkəsinin uzunluğu isə cəmi 22 kilometrdir. Şəhərdə çirkab sutəmizləyici qurğu yoxdur və tullantı suları təmizlənmədən Baş Şirvan kollektoruna axıdılır.
Dövlət başçısına yeni layihə barədə məlumat verilib. Bildirilib ki, Şirvan-Muğan qrup su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Şirvan şəhərinin içməli sudan əziyyət çəkən Yeni Yaşayış Massivinin problemi həllini tapacaq. Yeni Yaşayış Massivini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün magistral kəmər çəkilib və daxili şəbəkənin qurulmasına başlanıb. Qısa müddətdə iki kilometrdən artıq magistral xəttin inşası, həmçinin 60 kilometr uzunluğunda şəbəkənin 35 kilometrlik hissəsinin tikintisi tamamlanıb. İşlərin ilkin nəticəsi olaraq artıq 15 mindən çox sakin Şirvan-Muğan qrup kəməri vasitəsilə 24 saat su ilə təchiz olunur. Daxili şəbəkənin qurulması başa çatdıqdan sonra bu layihədən faydalananların sayı 35 min nəfərə çatacaq. Layihəyə uyğun olaraq Yeni Yaşayış Massivində abonentlər əvvəlcədən ödənişli smart tipli sayğaclarla da təmin olunacaqlar.
Qeyd olunub ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsi hazırdır.
Layihənin Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə uyğun olaraq reallaşdırılması nəzərdə tutulub. Oğuz-Qəbələ-Bakı kəməri ilə Abşeron yarımadasına saniyədə 5 kubmetr əlavə içməli suyun verilməsi, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr təşkil edəcək Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında kifayət qədər içməli su ehtiyatı yaranacaq. Bu isə Kür su kəmərləri sisteminin imkanlarından istifadə etməklə Kürətrafı şəhər və kəndlərin əhalisinin təmiz və keyfiyyətli su ilə təchiz olunmasına imkan verəcək.
Prezident İlham Əliyevə tikintisi davam edən Şirvan-Muğan qrup su kəməri layihəsi çərçivəsində görülən işlər barədə də məlumat verilib.
Stendlərlə tanışlıqdan sonra dövlətimizin başçısı ötən il iyulun 16-da təməli qoyulan Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə salıb.
Sonra Prezident İlham Əliyev kəmərin və şəhərin su şəbəkəsinin inşaatçıları ilə görüşüb, tapşırıq və tövsiyələrini verib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB