“Milli Şura" keçmiş məhbuslar sığınacağına dönüb” AÇIQLAMA

Cümşüd Nuriyev: "Milli Şura"da təmsil olunanlar Rüstəm İbrahimbəyovun vahid namizədliyini gündəmə gətirilər ki, seçkilərdəki məğlubiyyətlərini ört-basdır edə bilsinlər"
“Milli Şura" keçmiş məhbuslar sığınacağına dönüb” AÇIQLAMA

"Gör Azərbaycan müxalifəti nə günə qalıb ki, ona rəhbərlik Eldar Namazovun əlində cəmləşib". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, dünyanın heç bir yerində belə praktika yoxdur ki, müxalifət hansısa bir qeydə alınmamış siyasi qurumun üzvü olsun: "Həftəbecər siyasi qurum olan Milli Şura olmayan başını o qədər itirib ki, hətta özlərinə "Aparat rəhbəri" də düzəldirlər. "Aparat rəhbəri" Eldar Namazov Rüstəm İbrahimbəyovla görüşdən daha çox Moskvadan təlimat almağa gedib ki, Azərbaycanda necə təxribat törətmək lazım olduğunu, hansı üsullarla, kimlərdən istifadə edərək bunu həyata keçirmək lazımdır. Məhz bu səbəbdən də vahid namizəd məsələsi bu qədər uzanır. Milli Şuranın yaranması və vahid namizədin müəyyən olunması Azərbaycan müaxlifətinin qeyd etdiyi kimi Rusiyanın yox, Rüstəm İbrahimbəyovun da təmsil olunduğu "Milyarderlər İttifaqı" adlandırılan təşkilatda təmsil olunan bir qrup azərbaycanlının mövqeyidir. Yəni bu, Rusiya dövlətinin mövqeyi deyil".

"Rusiyada yaşayan azərbaycanlılar da yaxşı anlayırlar ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması Azərbaycan Konstitusiyasına ziddir. Çünki onun namizədliyinin qeydə alınması üçün Konstitusiyanın 103-cü maddəsinin 3 bəndinin pozulması lazımdır. Çünki, bu adam 10 ildir ki, Azərbaycanda yaşamır. Turist kimi gəlib-gedir. Onda belə çıxır ki, Azərbaycana gələn bütün turistlər də prezidentliyə namizəd kimi qeydə alına bilər. Rüstəm İbrahimbəyov Moskvada daimi qeydiyyatdadır. Ola bilməz ki, o Rusiya vətəndaşı olmasın. Bundan başqa, onun ABŞ-da adına mülk var. Deməli, bu şəxsin ABŞ-da ya oturum kartı, ya da yaşıl kartı var. Hər halda onun bir neçə vətəndaşlıq məsələsi gündəmdədir. Eyni zamanda onun rəhbərlik etdiyi quruma qarşı vergidən yayınma ilə bağlı cinayət işi qaldırılıb. Bütün bunlar nəzərə alınaraq onun namizədliyi qeydə alınmamalıdır" - deyə C.Nuriyev sözlərinə əlavə edib.

Politoloq bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevə nəinki ölkədə, heç xaricdə də onun mində birinə alternativ olacaq şəxs yoxdur: "Ona görə də Milli Şurada təmsil olunanlar Rüstəm İbrahimbəyovun vahid namizədliyini gündəmə gətirilər ki, seçkilərdəki məğlubiyyətlərini ört-basdır edə bilsinlər. Bunlar siyasi cığallığın əsasını bu yolla qoymağa çalışırlar ki, seçkidən sonra desinlər ki, bizim güclü namizədimiz qeydə alınmadı. İnanmıram ki, Azərbaycan iqtidarı bunlara belə bir şans versin. Çünki, Rüstəm İbrahimbəyov Milli Şurada təmsil olunanların qohum-əqrəbalarının hesabına maksimum 2 faiz səs toplaya bilər. Hesab edirəm ki, bu da mümkünsüzdür".

Cümşüd Nuriyevin sözlərinə görə, Milli Şuranın fəaliyyətində qeyri-müəyyənlik hökm sürür: "Milli Şurada təmsil olunanlar əvvəlcədən verdikləri vədləri pozdular. İlk olaraq Milli Şurada təmsil olunan adamların sayı 51 nəfər müəyyənləşdirilmişdi. Sonradan bu rəqəm 131 nəfərə qalxdı. Bu qurumda hər kəsin öz maraqları var. Belə ki, bu gün Milli Şura keçmiş məhbuslar sığınacağına dönüb. Eyni zamanda həbs olunma təhlükəsi olanlar da özlərinə siyasi sığınacaq tapmaq üçün Milli Şurada təmsil olunurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə