Bakıda NISA-nın növbəti yay sessiyası keçiriləcək

Bakıda NISA-nın növbəti yay sessiyası keçiriləcək

2013-cü ilin 1-5 iyul tarixlərində Bakı şəhərində NISA-nın (NATO International School of Azerbaijan – NATO Azərbaycan Beynəlxalq Məktəbi) növbəti yay sessiyası keçiriləcək. SİA-nın məlumatına görə, builki yay sessiyası NİSA fəaliyyətinin 10 illiyinə təsadüf edir və "2014-cü ildən sonra Əfqanıstan" mövzusuna həsr olunacaq.

2014-cü ilin sonunadək İSAF qüvvələri Əfqanıstandan tədricən çıxarılacaq və Əfqanıstan hökuməti ölkə ərazisində təhlükəsizliyin qorunmasını öz üzərinə götürəcək. Bu kontekstdə yay sessiyasının məqsədi Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlərə, ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlara, regional və beynəlxalq əməkdaşlıq strategiyalarına dair fikir mübadiləsi aparmaqdır.

Tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Əfqanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan 40-a yaxın tələbə, gənc alim iştirak edəcək. Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər, habelə dövlət və beynəlxalq təşkilat nümayəndələri məruzəçi qismində çıxış edəcək.

2003-cü ildən fəaliyyət göstərən NISA-nın məqsədi Avro-Atlantik məkan və onun hüdudlarından kənarda yerləşən NATO üzv və tərəfdaş dövlətlərin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri və habelə, hərbi və mülki nümayəndələri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə, onların həlli yollarının araşdırılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə