Niyaməddin Orduxanlı: “Milli Şuranın ABŞ səfəri dezinformasiyadır”

Niyaməddin Orduxanlı: “Milli Şuranın ABŞ səfəri dezinformasiyadır”

"Milli Şuranın ABŞ-a səfərə getməsi ilə bağlı yayılan xəbərlər dezinformasiyadır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu xəbər qəsdən yayılsa da, sonradan təkzib olunub: "Milli Şurada təmsil olunanlar cəmiyyətdə qəsdən belə bir fikir yayıb, bütün diqqəti özlərinə cəlb etmək istəyirlər. Ancaq bütün bunlara baxmayaraq, Milli Şuranın heç bir perspektivi yoxdur. Açıqlamalarımda qeyd etmişdim ki, Əlikram Hümbətov və Surət Hüseynov da bu quruma qoşulacaqlar. Bu gün Əli Kərimli cibindən qumbara tapıb onu həbsə atan baş prokuror Əli Ömərovla yanaşı dayanırsa və yaxud da "Azərbaycanda eks-prezidentin mövcudluğu dövlət üçün təhlükədir" (Əbülfəz Elçibəy nəzərdə tutulurdu) deyən, o vaxt prezidentin müşaviri işləmiş Eldar Namazov Əbülfəz Elçibəyin 75 illik yubileyində başda otuzdurulursa, deməli, Əlikram Hümbətov və Sürət Hüseynovun bu yaxınlarda "Milli Şura"ya qoşulmasını gözləmək olar. Azərbaycan xalqı uzun illərdir siyasi prosesləri yaxından izləyir və buna görə də "Milli Şura"ya kütləvi dəstək vermir. Bu adamlar dünən təhqir etdikləri adamla, bu gün bir yerdə nahar edirlər. Korrupsioner adlandırdıqları adamı rəhbər təyin edirlər. Bütün günü yazırdılar ki, Hüseyn Abdullayev mitinqlərdə radikal müxalifət nümayəndələrinə divan tutub. İndi sevinə-sevinə onun mahnısına qulaq asır, onu şurada görmək istəyirlər. İsa Qəmbər heç vaxt siyasətlə məşğul olmayan Rüstəm İbrahimbəyovu namizəd müəyyənləşdirib. Bütün bunlar Milli Şuranın heç bir perspektivi olmadığını bir daha ortaya qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə