XİN sözçüsü: “Ermənistanın bəyanatları regionu təhlükəli məcraya sürükləyir”
"Hər zaman ayaqları göydə olan, xülyalarla yaşayan və biologiya elmindən ilhamlanan Şavarş Koçaryan öz absurd və əsassız fikirləri ilə çıxış edir". Bunu SİA - ya Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın sərsəm bəyanatına şərh verərkən deyib.
XİN sözçüsünün sözlərinə görə, ölkə başçısının da qeyd etdiyi kimi, beynəlxalq hüququn bütün norma və prinsiplərinə əsasən Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğanacağına heç kimin şübhəsi olmamalıdır: "Bütün dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanıyıb, tanıyır və tanıyacaq. Bu torpağın Azərbaycan xalqına mənsubiyyətini, mədəniyyətimiz və tariximizlə yazmışıq. Azərbaycan mədəniyyəti nəinki bu torpaqlarda, daha geniş coğrafiyada da öz sözünü deyib və izini qoyub".
E.Abdullayev vurğulayıb ki, ərazilərinin 20 faizi işğal altında olan Azərbaycanın müdafiə potensialını gücləndirməsi zəruri haldır və Azərbaycan dövləti bunu müdafiə qüdrətini gücləndirmək məqsədi ilə edir: "Azərbaycanın regionda ən güclü silahlarla silahlanmasının səbəbi xalqımızın təhlükəsizliyini təmin etməkdir. Ölkə başçımızın məqsədi regionda sabitliyin və əmin-amanlığın bərqərar olunmasıdır. Bu sabitliyin pozulmasında və təhlükəsizliyimizin təhdid altında saxlanılmasının günahkarı, təcavüzkar Ermənistan dövlətidir".
"İrəvanda dərk etməlidirlər ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Artıq onların xəyallarında belə qarşılarında dayana bilməyəcəkləri güclü Azərbaycan dövləti mövcuddur. Təcavüzkar Ermənistanla Azərbaycan arasında olan böyük güc fərqi bundan sonra daha da qabarıq şəkildə özünü göstərəcəkdir. Rəsmi İrəvan bütün bunlardan nəticə çıxararaq münaqişənin tezliklə sülh yolu ilə həlli barədə çox ciddi şəkildə düşünməlidir. Azərbaycan tərəfinin də istəyi münaqişənin sülh yolu ilə öz həllini qısa zamanda tapmasıdır" - deyə E.Abdullayev sözlərinə əlavə edib.
E.Abdullayev qeyd edib ki, Ermənistan tərəfindən təxribat xarakterli bəyanatların verilməsi sülh prosesinə mənfi təsir göstərir: "Biz həmişə Ermənistanı təxribat xarakterli bəyanatlardan və addımlardan çəkinməyə çağırmışıq. Hesab edirəm ki, Ermənistanın belə təxribat xarakterli bəyanatları regionu çox təhlükəli bir məcraya sürükləyə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB