Koreya Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Koreya Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim "Saenuri" Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan O.Əsədov Yeni Azərbaycan Partiyasının dəvəti ilə Bakıya gələn nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirdiyini vurğulayıb. Qeyd olunub ki, iki ölkənin iqtidar partiyaları arasında bu münasibət dövlətlərarası əlaqələrin də dərinləşməsinə öz müsbət təsirini göstərir.

Azərbaycanın Koreya Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini bildirən Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb.

Vurğulanıb ki, bu günədək iki ölkə arasında 46 sənəd imzalanmışdır. Hazırda 12 sənəd üzərində isə iş aparılır.

Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi diqqətə çatdıran O.Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycanda Koreyanın "Samsung", "LG", "Hyundai" kimi şirkətlərinin səmərəli fəaliyyət göstərir və Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yeri olan Azərbaycan Koreya Respublikası ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Milli Məclisin sədri Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü qonaqların diqqətinə çatdıraraq əldə edilmiş nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi probleminin olduğunu qeyd edib. Problemin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu deyən O.Əsədov indiyədək real nəticə əldə edilmədiyini və Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb.

Səmimi görüş üçün minnətdarlığını bildirən Koreya nümayəndə heyətinin rəhbəri Yu Ki Cun Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən razı qaldıqlarını ifadə edib.

Qonaq Milli Məclis sədrinin 2007-ci ildə Koreyaya səfərini xatırlayaraq parlament nümayəndə heyətlərinin bu cür görüşlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu deyib.

Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açan qonaq gübrə zavodu, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndirib.

Qarşılıqlı fikir mübadiləsi zamanı Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib.

Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə