Jan-Klod Minyon: İyunun 26-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri bir yerə toplaşacaq

Jan-Klod Minyon: İyunun 26-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri bir yerə toplaşacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Jan-Klod Minyon iyunun 24-də qurumun yay sessiyası çərçivəsində jurnalistlər üçün ənənəvi mətbuat konfransı keçirib.

AŞPA sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun bu qurumda müzakirəsi məsələsinə dair jurnalistin sualına cavabında deyib: "Bu vacib bir sualdır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə AŞPA Bürosu və Daimi Komitəsinin Yerevanda keçirilən iclaslarında toxunduq. Bu müzakirələr mənim Cənubi Qafqaz səfərimin davamı idi. Mən bu ölkələrdə maraqlı görüşlər keçirdim. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da maraqlı görüşlərim oldu. Azərbaycan bu gün ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış və irəli sürülmüş Madrid prinsiplərini təklif edilmiş formatda qəbul etməyə razıdır. Düşünürəm ki, bu çox önəmlidir. Qaldırdığınız məsələ ilə bağlı mövqeyim aydındır. Mən AŞPA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış alt komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına qarşı çıxmışam".

Jan-Klod Minyon bu mövqeyinin səbəbini belə izah edib: "Hesab edirəm ki, bu gün bu məsələ ilə məşğul olmağa səlahiyyəti olan yeganə qurum ATƏT-in Minsk qrupudur. Kimin tərəfindən irəli sürülməsindən asılı olmayaraq, hər hansı bir təşəbbüs Minsk qrupunun işinin əhəmiyyətini azaldardı. Mən tamamilə Minsk qrupunun fəaliyyətinə əsaslanıram".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari məsələ kimi assambleyada müzakirə olunmayacağını bildirən AŞPA sədri deyib: "Bunun formatını dəqiqləşdirmək lazım olacaq. Amma bizim istəyimiz ondan ibarətdir ki, yaxın zamanlarda Minsk qrupu həmsədrlərini və ya onlardan birini AŞPA-ya dəvət edək və dinləyək. Bununla da Minsk qrupunun münaqişə ilə bağlı apardığı işlər haqqında dəqiq məlumatlar almaq olar. Bu məsələdə istinad nöqtəmiz altı Madrid prinsipidir".

İyunun 26-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərini bir yerə toplayacağını bildirən Jan-Klod Minyon diqqətə çatdırıb ki, bu görüşdə münaqişənin tənzimlənməsi məsələləri birgə müzakirə olunacaq. Onun fikrincə, bu gün işləri irəliyə aparmaq üçün real istək var. Bu məsələdə Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyindən də bəhrələnmək lazımdır.

Qeyd edək ki, Nazirlər Komitəsinə sədrlik Ermənistandan Avstriyaya, sonra isə Azərbaycana keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə