Oqtay Əsədov Koreyalı qonaqları qəbul edib

Oqtay Əsədov Koreyalı qonaqları qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim Snuri partiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı O.Əsədov bildirib ki, müstəqil Azərbaycan Koreya Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir.

Görüş zamanı qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb. Bu günədək ölkələrimiz arasında 46 sənəd imzalanmış, 12 sənəd üzərində isə iş aparılır.

Milli Məclisin sədri vurğulayıb ki, iqtidar partiyaları arasında bu münasibət dövlətlərarası əlaqələrin də dərinləşməsinə öz müsbət təsirini göstərir: "Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yeri olan Azərbaycan Koreya ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşür".

Görüş zamanı spiker Dağlıq Qarabağ problemin qonaqların diqqətinə çatdırıb: "Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, indiyədək real nəticə yoxdur. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, bu sahədə imkanlar hələ tükənməyib".

Səmimi qəbul üçün minnətdarlığını bildirən Koreya nümayəndə heyətinin rəhbəri Yu Ki Cun Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərdən və burada keçirdikləri görüşlərdən razı qaldıqlarını ifadə edib. Qonaq Milli Məclis Sədrinin 2007-ci ildə Koreyaya səfərini xatırlayaraq parlament nümayəndə heyətlərinin bu cür görüşlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu deyib. Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açan qonaq Gübrə zavodu, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndirdi.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Asəf Hacıyev, Koreya Respublikasının ölkəmizdəki səfiri H.E. Mr. Choı Suk-inn və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə