Deputatlardan Avropa Parlamentinin qətnaməsinə MÜNASİBƏT

Deputatlardan Avropa Parlamentinin qətnaməsinə MÜNASİBƏT

SİA Avropa Parlamentinin Azərbaycanla bağlı yaydığı 13 iyun qətnaməsinə millət vəkillərinin münasibətini təqdim edir:

Millət vəkili Fərəc Quliyev: "Avropa evinə türk respublikalarının buraxılmasında xüsusi qısqanclıq var. Ora xristian klubu kimidir. O evə türk dövlətinin daxil olması qəbul olunmazdır. Biz türk dövlətləri ilə baza formalaşdırıb güclərimizi birləşdirməliyik. İstənilən Avropa ölkəsi ilə əməkdaşlığın sonunda milli təhlükəsizliyimiz dayanır. Əgər bizim Milli təhlükəsizliyimiz, siyasi maraqlarımız təhqir olunursa, o zaman Azərbaycanın müvafiq strukturları buna qarşı lazım olan addımları atacaqlar. Bizim də bu sahədə müəyyən boşluqlarımız olub. Avropa təsisatlarında təmsil olunan nümayəndə heyətlərimizin koordinasiya olunmuş fəaliyyətləri yoxdur. Təbii ki, bu boşluqları tezliklə aradan qaldırmaq məcburiyyətindəyik".

Millət vəkili Musa Qasımlı: "Açıq şəkildə ictimaiyyətə demək lazımdır ki, bir çox Avropa strukturları güclü, sabit Azərbaycan dövlətinin olmasında maraqlı deyillər. Onlar təzyiqlər altında qalan zəif dövlətin olmasını istəyirlər. Ermənistanın təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana təzyiqlər edib istədiklərinə nail ola bilsinlər. bu bəyanatın geniş anlamda mahiyyəti bundan ibarətdir. Qətnamənin qəbul olunmasında iştirak edən 32 deputatı Azərbaycana dəvət edə bilərik ki, qoy ölkəmizdə baş verən hər şeyi gözləri ilə görsünlər. Hətta Avropa ölkələrinin mətbuat nümayəndələrini də Azərbaycana dəvət edə bilərik. Gələcəkdə də belə bəyanatların qəbul edilməsi qaçılmazdır. Ona görə də soyuqqanlı olmalıyıq. Azərbaycanda sabit və dayanıqlı inkişafı bir çox ölkələr istəmir. Onların bir çoxuna da erməni diaspora lobbisi təsir edir. Təəssüf ki, Azərbaycandakı müəyyən qruplar da onların işinə yarayır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə demokratiya adına ləkədir və Avropa demokratiyasına şübhələr yaradır. Bununla yanaşı, ikili standartların ifadəsidir".

Millət vəkili Fəzail İbrahimli: "Bu hər hansı zaman kəsiyində baş verən hadisə deyil. Bu Azərbaycana qarşı strateji kursun hər hansı məqamda qanun formasında reallaşmasıdır. Dilimizə, dinimizə, mədəniyyətimizə böyük hücumlar var. Eyni zamanda, açıq formada belə qərarlar vasitəsilə Azərbaycana təzyiqlər var. Demokratiyadan danışan ölkələrin tarixinə qısa nəzər salmaq bizə kifayətdir. Heç kim istəməz ki, kimsə həbs olunsun. Lakin həbs olunanlar haqqında belə düşüncələrin nə qədər səmimiliyi ola bilər?! Cinayət törədənlər üçün ağ pastel tələb edirlər. 20 ildən artıqdır ki, köçkün həyatı yaşayan insanların taleyi haqqında düşünmək istəmirlər. Özlərini demokratiyanın carçısı kimi qələmə verməklə kifayətlənirlər".

Qeyd edək ki, mövcud qətnamənin əsas bəndləri bunlardır: həbs olunan bütün jurnalistlər, siyasətçilər, bloqçular və gənclər dərhal azad olunsun; İsmayıllıda baş verən hadisələrdə haqsız şəkildə təqsirli bilinən İlqar Məmmədov və Tofiq Yaqublu barədə cinayət işinə dərhal xitam verilsin və onlar dərhal azad edilsin; Azərbaycan hakimiyyəti diffamasiya qanununa Avropa standartları fonunda baxsın; Kütləvi aksiyalar üçün şəhərin mərkəzi də daxil olmaqla adekvat yerlər ayrılsın; Aksiyalarda polisin güc tətbiqinə son qoyulsun; Avropa Komissiyası prezident seçkisinin demokratik və şəffaf keçirilməsini dövlət başçısı İlham Əliyevdən şəxsən tələb etsin və seçkinin monitorinqini imkan daxilində Avropa Birliyi öz üzərinə götürsün; söz azadlığının təmin olunması üçün konkret addımlar atılsın; sərbəst toplaşmaq azadlığına 2006-cı ildən qoyulan faktiki qadağa ləğv olunsun; Azərbaycan hökuməti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri qeyd-şərtsiz yerinə yetirsin.

Bütün xəbərlər Facebook səhifəmizdə