Əli Əhmədov Siyəzəndə YAP-ın fəalları ilə görüşüb

Əli Əhmədov Siyəzəndə YAP-ın fəalları ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov Siyəzən rayonunda partiyanın fəalları ilə görüş keçirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, görüşdə Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyasının ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğrultduğu, dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrildiyi vurğulanıb.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini–icra katibi Əli Əhmədov ilk olaraq Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirib və əlavə edib ki, 3188 üzvü olan rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töfhələrini verməkdədir. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan YAP-ın icra katibi qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.

Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Siyəzən şəhər 1 saylı məktəbin direktoru Nəcməddin Mürvətov, Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Gülər Yunusova və digər fəallar YAP-ın uğurlu fəaliyyətindən danışıblar.

Qeyd edək ki, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədovun növbəti görüşü bu gün saat 13:00-da Xızı rayonunda partiyanın fəalları ilə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə