Milli məsləhətləşmələrin nəticələri ilə bağlı konfrans keçirilib YEKUN

Milli məsləhətləşmələrin nəticələri ilə bağlı konfrans keçirilib YEKUN

Bu gün Bakıda Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk, iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Çikayıl Cabbarov, millət vəkilləri, QHT rəhbərləri, media nümayəndələri və digər qonaqlar iştirak edib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk bildirib ki, Azərbaycanda davamlı iqtisadi inkişaf üçün hər cür şərait və strategiya mövcuddur: "Son 10 il ərzində Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb: "Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluğun azaldılmasını vaxtından əvvəl təmin edilib. Azərbaycan 2020-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulub. Son 3 ayda Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün 2400-dən artıq insanla 237 görüş keçirilib. Onların 2020-ci ildən sonrakı inkişafı necə görmələri barədə fikirləri və təklifləri dinlənilib. Minilliyin İnkişafı məqsədləri bizim beynəlxalq əlaqələrimizin inkişafına böyük təsir göstərir".

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev isə deyib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib faktoruna çevirib: "Onun həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni keçərək bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir".

Ramiz Mehdiyev deyib ki, Azərbaycan müstəqilliyinin ilk dövründən vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşib, torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. Bu çətinliklərə baxmayaraq Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə ilk sıralarda nail olmağı bacardı: "Bu o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf edib və dünya ictimaiyyəti qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uzun bir yol qət edərək uğurla yerinə yetirib. Hazırda Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, "yuxarı orta gəlirli" ölkələr qrupunda, BMT İnkişaf Proqramının hesabatında isə "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşıb. Azərbaycan dövləti bir tərəfdən MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurdu, digər tərəfdən isə əldə olunan nəticələri əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəltməklə insan inkişafı indeksini MDB məkanı üçün ən yüksək səviyyələrə çatdırdı".

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.

Ramiz Mehdiyev bildirib ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bildi. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcək: "Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək. Əksinə, Azərbaycan inkişafının yeni əsaslarını təyin edib, biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək".

Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanması ilə bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə görə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu modelin unikallığı ondadır ki, balanslı və əhatəli şəkildə sosial-iqtisadi və mədəni inkişafı təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsi olaraq, Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir: "2012-ci ildə cənab Prezidentin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaq".

Administrasiya rəhbəri əlavə edib ki, son 10 il ərzində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun səviyyəsi azaldılıb. Eyni zamanda, sahibkarların fəaliyyət mühiti onların təşəbbüskarlığını artırıb, yeni iqtisadi münasibətləri formalaşdırıb və geniş iqtisadi və sosial infrastruktur layihələri həyata keçirilib. Əldə edilən ciddi uğurlar Azərbaycanı son illərdə dünya ölkələrini bürüyən iqtisadi böhranın neqativ nəticələrindən qoruyub, onun yüksək göstəricilərə nail olmasını şərtləndirib.

Ramiz Mehdiyevin sözlərinə görə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası inkişafın iqtisadi aspektləri ilə məhdudlaşmır, özündə səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın gücləndirilməsini, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir: "Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir. Biz regional və qlobal məsuliyyətimizi başa düşərək BMT-nin bu təşəbbüsündə də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milli və regional səviyyədən qlobal miqyaslara çıxıb.

Ramiz Mehdiyev bildirib ki, ölkəmiz Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələrinin, həmçinin Əfqanıstan və İraqın inkişafına öz töhfəsini verməkdədir. 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir: "Lakin təəssüf ki, Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır. Dünyanın ən əhatəli və nüfuzlu bir qurumu olan BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra olunmur. İki gün əvvəl Minsk qrupu həmsədr ölkələrinin başçıları - Vladimir Putin, Barak Obama və Fransua Ollandın yaydıqları bəyanat Azərbaycan və Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş yeniləşmiş "Madrid prinsipləri"ndən demək olar ki, kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir. Onun bugünkü siyasəti regionda vəziyyəti gərginləşdirir və bütün yollarla yaranmış status-kvonu saxlamağa calışır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan dövləti öz haqq yolundan geri çəkilməyəcək".

Zamanın Ermənistanın xeyrinə işləmədiyini deyən Ramiz Mehdiyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, xüsusilə, Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına daha geniş üfüqlər açar və humanitar böhran girdabında çabalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı: "Güclü iqtisadi təməl olmadan diasporun maliyyə yardımları hesabına yaşayan dövlət hər hansı perspektivdən söhbət aça bilməz. Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Əksinə, indiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü sürətləndirir və onu Davamlı İnkişaf Məqsədləri üçün təhlükə mənbəyi olaraq saxlayır".

Administrasiya rəhbəri qeyd edib ki, BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın davamlı inkişafı naminə işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir: "Bir daha əminliyimi ifadə etmək istəyirəm ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla göstərdiyi nümunəvi siyasətini 2015-ci ildən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi töhfə ilə davam etdirəcək".

"Son 10 ildə Azərbaycanda həyata keçirilmiş məqsədyönlü sosial iqtisadi siyasət nəticəsində ümumdaxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb. Büdcə kəsirinin ÜDM nisbəti 1 faizi keçməyib. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti 1995-ci ildən bu günədək ölkə iqtisadiyyatına 144,4 milyard dollar həcmində investisiya qoyulmasını təmin edib. Bunu isə tədbirdə çıxışı zamanı İqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Diqqətə çatdırılıb ki, ümumilikdə son 10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə, daxili investisiyalar isə 22,1 dəfə artıb: "Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratdığını deyən, nazir qedy edib ki, əgər 2002-ci ildə ölkədə yoxsulluq səviyyəsi 46,7 % təşkil edirdisə 2012-ci ildə bu göstərici 6 % təşkil edib. Bununla da 2015-ci il üçün hədəf müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub".

Şahin Mustafayev həmçinin bildirib ki, Azərbaycan 2020 inkişaf konsepsiyası çərçivəsində sahibkarlığın inkişafına geniş imkanlar yaratmaq, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi əsas istiqamətlərdəndir.

Nazir onu da əlavə edib ki, ölkədə yaradılan iş yerlərinin sayı son 10 ildə 1 milyon 100 mini keçib. Bunlardan regionlarda 869 min yeni iş yeri yaradılıb və bununla da ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2 faizə qədər enib.

Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsil sahəsinə ayrılan vəsait 2003-cü ilə nisbətdə 5 dəfə artaraq 1,5 milyard manata yüksəlib: "8 inkişaf məqsədindən ikincisi 2015–ci ilə qədər ümumi icbari ibtidai təhsilə nail olmaqdır. Ötən müddət ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 15-24 yaşında olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsildə xalis qeydiyyat əmsalı, ibtidai təhsili bitirmə əmsalı, təhsilini 1-ci sinifdən başlamış 5-ci sinfə qədər başa vurmuş şagirdlərin çəkisi kimi göstəricilərdə ciddi irəliləyişlər əldə olunub. Beləliklə, Azərbaycan minilliyin təhsillə bağlı inkişaf məqsədinə nail olub, hazırda bu nailiyyətin qorunub saxlanması və inkişaf etdirilməsi üçün təhsil sistemi qarşısında duran vacib məsələdir".

Nazir qeyd edib ki, Azərbaycanda yeni addımların atılmasına, təhsilin keyfiyyət göstəricilərinin Avropa və dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac var: "Məhz bu ehtiyac nəzərə alınaraq "Azərbaycan 2020 - Gələcəyə baxış inkişaf" konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılması istiqamətində bir sıra mühüm məsələlərin həlli nəzərdə tutulub. Bununla əlaqədar 2015-ci ildən sonrakı dövr üçün bir sıra hədəflər müəyyən edilib: təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinin öyrənilməsi və sair. Təhsilinin maliyyələşdirilməsi sahəsindəki mövcud mexanizmlər keyfiyyət göstəricilərinə əsaslanmır. Tələbat mühiti bizi tam qane edəcək şəkildə hələ də formalaşmayıb. Ayrılan büdcə vəsaitinin səmərəli istifadə əmsalı yüksəldilməlidir. Bu mənada maliyyələşdirilmə yenidən qurulmalı və təhsil sistemində rəqabət mühitinin inkişafını dəstəklənməlidir".

Konfrans digər məruzəçilərin çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə