İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Kazım Cəlalinin jurnalistlərə müsahibəsi:
- Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclası keçirildi. İclasın islam ölkələri üçün əhəmiyyəti nədən ibarətdir?
- İlk olaraq Azərbaycan xalqına və Milli Məclisinə bu iclasın yüksək səviyyədə keçirildiyinə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. İclasda aparılan danışıqlar zamanı qərara alındı ki, parlamentlərin sədrlərinin görüşü gələn ilin yanvarında Burkinao Fasoda keçirilsin. İclas zamanı iqtisadi, siyasi, mədəni məsələlər müzakirə olundu. Azərbaycan islam aləmində böyük əhəmiyyətə və parlamentlərarası iclaslarında mühüm rola malikdir. Azərbaycanda olarkən ikitərəfli görüşlərdə keçirdik. Ümid edirəm ki, bundan sonrakı münasibətlərimiz qonşuluq və dostluq səviyyəsində davam edəcək. Həmçinin iki ölkə parlamentlərində olan dostluq qrupları münasibətlərin qurulmasında daha çox çalışmalıdırlar ki, parlamentlərarası əlaqələr daha da genişlənsin.
- Yeni prezidentin xarici siyasətində qonşu dövlətlərin yeri və əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- İranda keçirilən prezident seçkilərinin qalibi Doktor Həsən Ruhani ilk mətbuat konfransı zamanı bildirib ki, qonşu ölkələrlə münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq. H.Ruhani vurğulayıb ki, xarici siyasətində prioritetlərdən biri qonşu ölkələrlə münasibətləri daha da inkişaf etdirməkdir. Azərbaycan İranın ən əhəmiyyətli qonşularından biridir. Biz Azərbaycana möhkəm tellərlə bağlı olan mədəni, dini, siyasi və digər münasibətlərə sahibik. Məhz Azərbaycanla yeni dönəmdə əlaqələri genişləndirmək əsas prioritetlərdəndir. Təbii ki, maraqlı qüvvələr var ki, ikitərəfli münasibətlərin inkişafına mane olsunlar. Belə təxribatçı qüvvələrlə hər iki ölkə həssaslıqla və məsuliyyətlə yanaşmalıdır.
- Prezident Həsən Ruhaninin dönəmində həm Azərbaycanla həm də İranda yaşayan azərbaycanlılarla bağlı siyasətindən gözləntiləriniz?
- İran azərbaycanlıları bu ölkənin sahibidirlər. Hər bir İran vətəndaşı kimi bərabər hüquqlara malikdirlər. Qeyd etdiyim kimi Azərbaycanla İran arasında çox böyük müştərək tellər mövcuddur. Ölkələrimiz arasında tarixi, siyasi, mədəni əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyimizdəndir ki, İranın yeni seçilən prezidenti H.Ruhani ilk mətbuat konfransında ölkənizlə əlaqələrin əhəmiyyətini vurğuladı. İqtisadi əlaqələrimiz pis deyil, amma daha da yüksək səviyyədə inkişaf etməlidir. Ümid edirəm ki, H.Ruhaninin prezidentliyi dövründə Azərbaycan-İran münasibətlərinin daha da yüksək səviyyədə inkişafının şahidi olacağıq.
- İranın yeni seçilən prezidenti H.Ruhani Xəzərin hüquqi statusu ilə bağlı hansı addımları ata bilər?
- Azərbaycan və İran Xəzəryanı ölkələrdəndir. Xəzərin hüquqi statusu məsələsinə çox həsasslıqla yanaşmalıyıq. Çalışmalıyıq ki, bu məsələni tezliklə həll edək.
- İran Parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması ilə bağlı məsələ gündəmə gəldi. Bununla bağlı nə deyə bilərsiz?
- Bəzən hər iki ölkənin parlamentarilərinin elə çıxışları olur ki, bu iki ölkənin siyasi iradəsinə uyğun gəlmir. Azərbaycan müstəqil ölkədir, onun ərazi bütövlüyü müsəlman və qonşu dövlət kimi İrana çox əhəmiyyətlidir. Tarixi əlaqələrimizə uyğun olaraq müsbət fikirlər səsləndirməliyik. Bu müştərək əlaqələrimizə görə xalqlarımızı daha da bir-birinə yaxınlaşdırmalıyıq. Mədəni, iqtisadi, siyasi sahələrdə daha da müsbət istiqamətdə inkişaf etdirməliyik. Təəssüflər olsun ki, Azərbaycan Milli Məclisinin bəzi deputatları xoşagəlməz addımlar atır. Buna qarşılıq olaraq İran parlamentinin deputatları buna öz mövqelərini bildirirlər. Amma bu hər iki ölkənin məsul şəxslərinin mövqeyi deyil. Hər iki ölkənin rəhbərliyi münasibətlərin daha da inkişaf etdirilməsinin iradəsini dəfələrlə nümayiş etdiriblər.
- Bildirdiniz ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın ağrılı problemi olan Dağlı Qarabağ probleminin həll üçün İran İslam Şurası Məclisi hansı addımları ata bilər?
- İran bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatında (İKT) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İran tərəfi olaraq hesab edirik ki, İKT-nin potensialından indiyədək lazımınca istifadə olunmayıb. Ümid edirik ki, İKT-nin potensialından daha çox istifadə olunacaq. İKT dəfələrlə islam xalqlarını ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib. Biz hesab edirik ki, islam aləmində mövcud olan problemlərin və münaqişələrin həllində İKT-dən daha çox istifadə olunmalıdır.
- İranda bəzi azərbaycanlı fəalların həbsi məsələsinə münasibətiniz?
- Heç bir kəs səbəbsiz yerə saxlanılmır. Ancaq bəzi media nümayəndələri bu məsələni çox şişirdirlər. İstər Azərbaycan, istərsə də İran milli mənafeyin əleyhinə çıxış edən şəxslərərin fikirləri ilə razılaşa bilməz. Əgər kimsə ixtilaf yaratmaq istəyirsə buna çox həsaslıqla yanaşılacaq.
- Urmiya gölünün qurumasının qarşısının alınması üçün hansı addımlar atılacaq?
- Bu il İran büdcəsindən Urmiya gölünün qurumasının qarşısının alınması üçün külli miqdarda pul vəsaiti ayrılıb. İranın ekoloji məsələlər üzrə mütəxəssisləri bu gölün quruma səbəblərini araşdırır. Artıq bu məsələ ilə bağlı komissiya yaradılıb. Çalışırıq ki, bu problem tezliklə həll olunsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB