Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Məktubda bildirilir:
"Fərqli coğrafi məkanda məskunlaşmış keşməkeşli inkişaf yolu qət etmiş türkdilli xalqlar bəşəriyyətin çoxəsrlik kamilləşmə prosesində daim mühüm rol oynamış, öz zəngin mədəni ənənələri ilə dünyanın tarix səhnəsində öncül yerlərini qoruyub saxlamışlar. Türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün də dünyada sülhün və təhlükəsizlyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Qloballaşan dünyanın diktə etdiyi hazırki reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. Bu istiqamətdə xalqlarımızın diaspor təşkilatları arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişafına yönəlmiş təşəbbüslər təqdirəlayiqdir. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında, ortaq mənafelərimizin etibarlı şəkildə qorunmasında, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hər zaman həmin təşəbbüsləri dəstəkləyib və gələcəkdə də bu siyasəti davam etdirmək əzmindədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunun keçirilməsi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soykökünə, milli-mənəvi dəyərlərinə ehtiram, doğma vətənin maraqlarına bağlılıq nümayiş etdirən diasporun formalaşmasının bariz nümunəsidir. Düşünürəm ki, biz bu potensiala güvənərək siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsi, regionda sülhün möhkəmləndirməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verə bilərik. Bir daha forum çərçivəsində müzakirələrin və qəbul ediləcək qərarların dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə daim inamımı ifadə edir və hər birinizə bu yolda uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB