“İlqar Məmmədovun həbsi qeyri-hüquqi hərəkətləri ilə bağlıdır" MÜNASİBƏT
Millət vəkili Fazil Mustafa Parlamentin bugünkü iclasında həbsdəki bəzi insanların azadlığa buraxılmasını təklif edib. SİA-nın məlumatına görə, İlqar Məmmədovla bağlı mövqeyini öncə də açıqladığını, onun deputatları təhqir etməsinin yolverilməz olduğunu bildirən Fazil Mustafa deyib ki, Azərbaycanda bir sıra şəxslərin azadlığa buraxılmasına ehtiyac var: "Məsələn, Tofiq Yaqublu Qarabağ savaşının iştirakçısıdr, ən azı belə məqamları nəzərə almaq lazımdır".
O, Avropa strukturlarından çıxmağın çıxış yolu olmadığını bildirib: "Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə qərəzli məqamlar var. Amma Avropa strukturlarında təmsil olunan deputatlarımıza qarşı iradları qəbul etmirəm".
Fazil Mustafa Milli Məclisdə təmsil olunan partiyaların qruplar yaratmasını zəruri sayıb: "Təklif edəndə, deyirlər ki, bir nəfərsiz".
Spiker Oqtay Əsədov isə Fazil Mustafaya irad tutub: "Sizin partiyanız niyə Avropa Parlamentinin qruplarında deyil?".
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Fazil Mustafanın həbsdəki insanları azadlığa buraxmaq təklifini qəbuledilməz sayıb: "İlqar Məmmədovun həbsi qeyri-hüquqi hərəkətləri ilə bağlıdır. İsmayıllı hadisələri zamanı bir sıra müxalifətçi insanların iğtişaş törətmək niyyətindən xəbərdaram. Avropa Parlamentinin qətnaməsinə gəlincə, bu qətnamə hüquqi cəhətdən qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığına görə, bizə qarşı belə qərar qəbul etməsi hüququ cəhətdən qüsurludur. İkincisi, 32 deputatın qəbul etdiyi qətnamə Avropa Parlamentinin qətnaməsi kimi təqdim oluna bilməz. Bu sənədin İlqar Məmmədovun işi adlandırılmasına baxmayaraq, çoxlu işin bura daxil edilməsi qərəzlidir. Azərbaycan vətəndaşları da ölkəmizə qarış qəbul edilən bu sənədə etirazlarını bildirməlidirlər. Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində belə qətnamə qəbul edilməsi münasibətlərə xələl gətirə bilər".
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov faşizmə görə Avropanın üzr istəməli olduğunu vurğulayıb: "Türkiyə Avropa Birliyinə qəbul üçün nələr etmədi, bu gün də qəbul etmirlər. Nə Avropa Parlamenti, nə Avropa Şurasının ölkəmizin haqlarını tapdamağa hüququ yoxdur. Tək İlqar məsələsi deyil, müstəqil dövlətin daxili işlərinə qarışmaq, prezident seçkiləri ərəfəsində qarışıqlıq salmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB