Bakıda Türkdilli ölkələrin diaspor rəhbərlərinin I Forumu keçirilir YENİLƏNİR-FOTO
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilir. SİA-nın məlumatına görə, Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə qatılıb.
Foruma türk dünyasının tarixini keçmişini və bu gününü özündə əks etdirən filmin nümayişi ilə start verilib.
Daha sonra Forumun təşkilinə görə, Azərbaycan respublikasının prezidenti İlham Əliyevə və Diasporla iş üzrə dövlət komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirən Türkdilli ölkələrin əməkdaşlıq şurasının baş katibi Halil Akıncı deyib ki, Sovet İttifaqı dağılandan sonra türkdilli dövlətlər əməkdaşlığı inkişaf etdirib: "Bu forum türk tarixində bir ilkdir. Xaricdə yaşayan vətəndaşlarımızın öz vətənləri ilə əlaqə qurmasında belə diaspora təşkilatlarının böyük rolu var".
Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov isə deyib ki, türk ideyası birliyi yüz illərdir ki, təşəkkül tapıb: "Bu gün türk dünyası anlayışı daha ciddi tezis kimi qəbul edilməlidir. Azərbaycan həmişə türk dünyası ideyasına böyük önəm verib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev mütəmadi olaraq türk dünyasına xidmət edən təşəbbüslərlə çıxış edib. 2010-ci ildə Türkiyədə keçirilən Türkdilli dövlətlər başçılarının zirvə toplantısı və burada imzalanan bəyannamələr xüsusi təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Bu gün türk dünyası qarşısında böyük perspektivlər açılıb. Prezident İlham Əliyevin də söylədiyi kimi "bizim gücümüz bizim birliyimizdir".
Sonra Azərbaycan, Türkiyə və Qazaxıstanın dövlət başçılarının forum iştirakçılarına təbrik məktubu səsləndirilib.
Daha sonra digər çıxış edənlər bugünkü gənclərin əcdadlarımızın yolunu uğurla davam etdirməsini qürurverici hal olaraq qiymətləndiriblər.
Forum hazırda davam edir.
Qeyd edək ki, Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın həyata keçirilməsi məsələləri müzakirə ediləcək.
Bir gün davam edəcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq.
Xatırladaq ki, Forumdan əvvəl qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanı və Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Tədbirin sonunda Azərbaycan, Türkiyə və Qazaxıstanın incəsənət ustalarının çıxışı planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB