Musa Quliyev: “Satqınları dünyanın heç bir yerində qəbul etmirlər” MÖVQE
"Milli Şura mahiyyət etibarı ilə radikal müxalifətin indiyədək müxtəlif formatlarda yaratdığı və xalq üçün heç bir əhəmiyyət kəsb etməyən qurumlardan biridir. Hesab edirəm ki, Milli Şuranın ömrü qarşıdan gələn prezident seçkilərinin sonuna qədər olacaq". Bu sözləri SİA-ya millət vəkili Musa Quliyev Milli Şuranın fəaliyyəti ulə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, istər prezident, istərsə də parlament seçkilər öncəsi radikal müxalifət dairələri müxtəlif adlar altında birliklər yaratmağa çalışsalarda heç bir nəticə əldə olunmayıb: "Artıq 20 ildən çoxdur ki, bu radikal düşüncəli insanlar müxalifət cəbhəsini özününküləşdiriblər. Onlar ambisiyalı şəxslər olduqlarına görə, özlərindən başqa heç kəsi birinci şəxs kimi görmək və qəbul etmək istəmirlər. Baxmayaraq ki, müxtəlif bəyanatlar verirlər, birliklərin yaradılması ilə bağlı fikirlər səsləndirirlər. Bu səbəbdən də onlar Milli Şurada təmsil olunsalar belə heç vaxt birlik yarada bilməyəcəklər. Yəni seçkiyə vahid namizədlə qatıla bilməyəcəklər. Əgər bu insanlar xalqa doğrudan da xidmət etmək istəyirlərsə və Azərbaycanda demokratik qaydalarla, sivil, siyasi mübarizə aparacaq müxalifət formalaşmasının tərəfdarıdırlarsa siyasi arenadan çəkilməlidirlər. Hesab edirəm ki, radikal müxalifət nümayəndələrinin bacardıqları bir iş olmadığına görə pensiya yaşlarını gözləməlidirlər. Amma həmin şəxslər pensiya belə ala bilməyəcəklər. Çünki onlar xalqa xidmət göstərmək əvəzinə daim xəyanət və satqınçılıqla məşğul olublar. Satqınları və xəyanətkarları dünyanın heç bir yerində qəbul etmirlər".
Millət vəkili hesab edir ki, radikal müxalifət partiyalarının "liderləri" siyasi arenanı demokratik düşüncəli müxalifət gənclərinə verməlidir.
Musa Quliyevin sözlərinə görə, istər ölkə daxilindəki, istərsə də Moskvadakı bəzi qüvvələr tərəfindən idarə olunan Milli Şura "yaradıcıları" və "təmsilçiləri" vacib bir məsələni, Azərbaycan xalqının iradəsini və mövqeyini nəzərdən qaçırırlar: "Azərbaycan xalqının yeganə iradəsi və mövqeyi Ümummilli Lider Heydər Əliyev siyasətinin uzun illər davam etməsidir. Buna ictimaiyyət nümayəndələri ilə görüşlərdə dəfələrlə şahidlik etmişik. Keçirdiyimiz görüşlərdə xalq kütlələri bildirirlər ki, Azərbaycan xalqı öz liderini və növbəti 5 il üçün prezidentini seçib. Bu lider ölkə başçısı İlham Əliyevdir. Radikal müxalifət öz namizədi kimi hansı "lideri"görməsindən asılı olmayaraq bunun bir nəticəsi olmayacaq. Acı da olsa Azərbaycan müxalifəti hec vaxt ümumi məxrəcə gələrək vahid namizədlə seçkilərə qatıla bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB