Elçin Mirzəbəyli: “Saxta məlumatlar yayan təşkilatların hesabatlarından asılı qalmalı deyilik” MÜNASİBƏT

Azərbaycanla eyni mövqedən çıxış edən ölkələr, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər dünyada baş verən proseslərə ədalətli münasibət bildirən təşkilatlarını formalaşdırmalıdırlar
Elçin Mirzəbəyli: “Saxta məlumatlar yayan təşkilatların hesabatlarından asılı qalmalı deyilik” MÜNASİBƏT

"Ayrı-ayrı dövlətlərin maraqlarını ifadə edən, onların əlində oyuncaq olan "Freedom House" təşkilatının hesabatı birmənalı olaraq qərəzlidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mİrzəbəyli "Freedom House" təşkilatının Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən "Keçid dövrü ölkələri-2013" adlı hesabatına münasibət bildirərkən deyib.

E.Mirzəbəyli vurğulayıb ki, bu kimi təşkilatların fikirləri və mülahizələrində obyektiv dəyərləndirmə olmadığı üçün onlardan ədalətli mövqe gözləməyə dəyməz: ""Freedom House" təşkilatının hesabatına fikir vermək lazım deyil. Çünki belə təşkilatlar bəzi qüvvələrin maraqlarının ifadəçisidir. Bu təşkilat ilk olaraq Avropa ölkələrində baş verən insan hüquq və azadlıqlarının pozulma faktına diqqət yetirməlidir. O zaman daha çox faktlar aşkara çıxardı ki, keçirilən aksiyalar hansı vəhşiliklərlə dağıdılır, media mənsubları necə izlənilir".

Siyasi şərhçinin sözlərinə görə, "Freedom House" təşkilatının hesabatı Azərbaycanda keçiriləcək seçki öncəsi bəzi dövlətlərin maraqlarını ifadə edən məqsədyönlü siyasətin tərkib hissəsidir: "Bəzi qüvvələr, xüsusilə də ermənipərəst qüvvələr seçki öncəsi aktivləşiblər. Həmin qüvvələr Azərbaycana bu və ya digər şəkildə təzyiq göstərməyə çalışırlar".

"Azərbaycanla eyni mövqedən çıxış edən ölkələr, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər dünyada baş verən proseslərə ədalətli münasibət bildirən təşkilatlarını formalaşdırmalıdırlar. Çünki saxta məlumatlar yayan, ayrı-ayrı güclərin maraqlarını ifadə edən təşkilatların hesabatlarından asılı qalmalı deyilik", - deyə E.Mirzəbəyli vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə