Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir YENİLƏNİB-FOTO
Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir. SİA-nın xəbərinə görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.
Konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri, ölkənin bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edir.
Qurultayı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdir.
Sonra Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Məruzə ilə çıxış edən açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Mehriban Əliyevanın simasında dünyaya Azərbaycan qadını obrazı təqdim olunur: "Ötən qurultaydan keçən 5 il ərzində ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik göz qabağındadır: "Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri danılmazdır".
Komitə sədrinin sözlərinə görə, prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti ilə son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib: "Aparılan məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artıb. Bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələr də öz fəallığı ilə seçilir. Bununla yanaşı, ölkədə qadın hüquqlarının müdafiəsi, onların iqtisadi cəhətdən müstəqilliyinin artırılması sahəsində möhkəm addımlar atılır.Bundan başqa şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçki hüququ verilib. 95 il bundan əvvəl verilən bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin artmasına təkan verdi".
H.Hüseynova çıxışında deyib ki, Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açıb: "Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlətin qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanda daha öncə keçirdiyimiz qadınların qurultaylarında irəli sürülən təkliflərin həyata keçirilməsi ölkəni inkişafa və tərəqqiyə doğru yönəltdi. Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb. M.Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban Əliyeva dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ən ali fəxri adlara, mükafatlara layiq görülüb. Ümummilli liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği, mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması humanizm prinsiplərinin göstəricisidir".
H.Hüseynova çıxışında Azərbaycan qadınlarını, "İnkişaf naminə birlik" devizi altında gələcək seçkilərdə prezident İlham Əliyevi dəstəkləməyə çağırıb: "Qarşıdan gələn prezident seçkilərində əsas vəzifələrimizdən biri də seçki hüququna malik olan qadınlarımızın fəal iştirakına nail olmaq və onların düzgün seçim etmələrini təmin etməkdir. Yeni Azərbaycan Partiyasının V Qurultayının əsas şüarı "Güclü lider - Güclü Azərbaycan" olub. Biz qadınlar müasir, dünyəvi, güclü, daim inkişaf edən, heç bir ailənin və ya vətəndaşın müraciətini diqqətdən kənarda saxlamayan bir dövlətdə yaşamaq istəyirik.
Belə dövləti isə yalnız güclü şəxsiyyət, yüksək iradəyə malik şəxs idarə edə bilər. Azərbaycan xalqının belə keyfiyyətlərə malik güclü lideri var. Biz Azərbaycan qadınları "İnkişaf naminə birlik" devizi altında seçkilərdə möhtərəm prezidentimiz İlham Əliyevi dəstəkləyəcəyik"
Komitə sədri qeyd edib ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi haqqında Heydər Əliyev Fondu dünya birliyinə rəsmi faktları ardıcıl çatdırır, qaçqın və məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların problemləri və onların həllinə dair tədbirlər həyata keçirir: "Qarabağ münaqişəsindən zərər çəkmiş 400 minə yaxın qaçqın və məcburi köçkün qadınların cəmiyyətə adaptasiyası, müvafiq işlə təmin edilməsi və sahibkarlıq işinə cəlb edilməsində dövlət tərəfindən daima xüsusi tədbirlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan xalqına qarşı soyqırımının tanıdılması işində gördüyü işlər xüsusi qeyd edilməlidir. Gənc qadınların çoxu üçün Leyla xanımın aktivliyi vətənə sədaqətin parlaq nümunəsidir".
H.Hüseynovanın sözlərinə görə, dövlət tərəfindən əhalini narahat edən problemlərin həllinə dair mühüm işlərin görülməsinə baxmayaraq, cəmiyyətdə hələ də uşaqlara və qadınlara qarşı zorakılıq halları var: "Bu problemin bütün dünya ölkələrində olmasına baxmayaraq, bəziləri məişət zorakılığını bizim milli xüsusiyyətlərimizlə bağlayırlar. Mehriban xanım Əliyevanın "Qadına qarşı zorakılığa haqq qazandırmaq üçün adət-ənənə və mentalitetdən istifadə etmək əxlaq qaydalarına ziddir" sözləri, belə düşüncəyə malik olan insanlara birmənalı cavabdır. Bu ciddi problemin qarşısının alınması və profilaktikası dövlət başçısı və hökumətin diqqət mərkəzindədir. Dövlətin erkən nikah və məişət zorakılığı ilə mübarizə tədbirlərinin ilk müsbət nəticələri artıq özünü göstərir. 2011-ci ildə 15-17 yaşlı gənc analar tərəfindən doğulan uşaqların sayı 4392 olub. 2012-ci ildə isə onların sayı 3236 nəfərə enib. Məişət zorakılığı ilə bağlı cinayətlər 2011-ci ildə 2043, 2012-ci ildə isə 1514 olub. 2008-ci ildə ölkədə 90-a yaxın qeyri-hökümət qadın təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 200-ə çatır. Bu da onu göstərir ki, qadınlar artıq iqtisadi, sahibkarlıq, ictimai-siyasi və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində öz hüquqlarını daha yaxşı bilir və təşkilatlanmış formada fəaliyyət göstərirlər".
Daha sonra qurultay iştirakçılarına xarici dövlətlərin rəsmilərinin video müraciətləri ünvanlanıb, işlərində uğur arzulanıb.
Azərbaycan qadınlarının IV qurultayında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk çıxışında qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində gender bərabərliyini yüksək şəkildə inkişaf etdirir: "4Azərbaycanda Mehriban Əliyevanın gender bərabərliyi istiqamətində atdığı addımları, məişət zorakılığı ilə bağlı qəbul olunmuş qanunu yüksək qiymətləndiririk".
Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova nitqində vurğulayıb ki, Azərbaycan xalqının illərdən bəri bir arzusu olub ki, bu da ölkəmizin müstəqilliyidir: "Tarix bu missiyanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin üzərinə qoydu. Ulu Öndər bu tarixi missiyanın öhdəsindən layiqincə gəldi və bu gün Azərbaycan müstəqil dövlətdir. Ən əsası isə bu müstəqilliyin təminatçısı olan prezidentimiz İlham Əliyev vardır. Biz qadınlar növbəti prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyik".
Daha sonra vitse-spiker nitqində Azərbaycanda mövcud olan qadın zorakılığından və onların aradan qaldırılması üçün qadınların üzərinə düşən vəzifələrdən danışıb.
Qurultay iştirakçıların məruzələri ilə davam edir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB