Milli Qurtuluş Gününün 20 illik yubileyi qeyd olunur YENİLƏNİR

Milli Qurtuluş Gününün 20 illik yubileyi qeyd olunur YENİLƏNİR

Bu gün 15 iyun Milli Qurtuluş Gününün 20 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) tədbir keçirir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Milli Qurtuluş gününün 20 illik yubileyi münasibəti ilə bütün Azərbaycan xalqını, YAP-ın 600 minlik üzvünü təbrik edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması tariximizdə əlamətdar günlərdən biridir. Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən Ümummilli Liderin əsasını qoyduğu siyasət uğurla davam etdirilir.

Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova o dövrki tarixi hadisələrdən danışıb: "Böyük problemlər içində müstəqilliyini elan etmiş Azərbaycan o zaman qısa müddət ərzində daha böyük çətinliklərlə üz-üzə qaldı. 1990-cı illərin əvvəlində daxildəki ictimai-siyasi proseslər 70 il mövcud olmuş SSRİ-nin dağılmasına gətirib çıxardı. Digər respublikalardan fərqli olaraq Azərbaycanda bu prosesi gücləndirən amil Dağlıq Qarabağ məsələsi oldu. Bu münaqişənin ortaya çıxması isə öz növbəsində Azərbaycanda ictimai-siyasi oyanışın, mərkəzi hakimiyyətə, erməni seperatizminə etirazın meydana çıxmasına transformasiya olundu. Bununla yanaşı, keçmiş SSRİ hakimiyyətinin ermənilərin tərəfini tutması bu prosesi daha da gücləndirdi. Belə ağır bir şəraitdə Azərbaycanın idarəçilik sükanını təsadüfən ələ keçirmiş AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etməyi bacarmadılar. Öncə xalq içində nüfuzlarını itirdilər, Azərbaycanı böhrana sürüklədilər. Ermənilər də bundan istifadə edərək bölgələrimizi işğal etməyə başladılar".

Bahar Muradova sözlərinə əlavə edərək deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin rəhbəri seçilməsi o zaman atılması vacib olan ən düzgün addım idi.

Tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə