YAP Sabunçu rayon təşkilatında 15 İyun “Milli Qurtuluş Günü” qeyd olunub YENİLƏNİB

YAP Sabunçu rayon təşkilatında 15 İyun “Milli Qurtuluş Günü” qeyd olunub YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və rayon İcra Hakimiyyəti birgə 15 İyun "Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Neftqazmaş Açıq Səhmdar Cəmiyyətinin direktoru Vahid Hacıyev və digər rəsmi nümayəndələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə YAP Sabunçu rayon təşkilatında, Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra tədbir təşkilatın akt zalında davam etdirilib. Ulu öndər Heydər Əliyevə həsr olunmuş kinofilmin nümayişi ilə tədbiri açıq élan edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev deyib ki, "Milli Qurtuluş Günü" kimi qeyd olunan 15 iyun 1993-cü il tarixi - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi, Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu: "Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı zəruri strateji addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu. Beləliklə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan "Milli Qurtuluş Günü" Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi".

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə bildirib ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha çətindir: Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulub, ölkədə cinayətkarlığın qarşısı tam alınıb, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaradıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır".

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətlərindən danışan Neftqazmaş Açıq Səhmdar Cəmiyyətinin direktoru Vahid Hacıyev bildirib ki, o, dünya azərbaycanlılarının təşkilatlanması və onların müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib: "Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var".

Daha sonra digər qonaqlar çıxış edərək Ümummilli liderin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən söhbət açıblar.

Sonda isə gənclərə YAP-ın üzvülük vəsiqələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə