Elçin Mirzəbəyli: “İsa Qəmbər ya partiya başqanlığından getməli, ya da...”

Elçin Mirzəbəyli: “İsa Qəmbər ya partiya başqanlığından getməli, ya da...”

Müsavat partiyası elan etdiyi kimi, yeni hədəflərin tərəfdarı və Məhəmməd Əmin Rəsulzadə ideologiyasının irəli sürdüyü prinsiplərin davamçısıdırsa, o zaman bu partiyanın Milli Şurada iştirakı elan etdiyi prinsiplərlə daban-dabana ziddir. Bunu SİA-ya açıqlamasına Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mİrzəbəyli deyib.

Onun sözlərinə görə, Milli Şura Rəsulzadə ideologiyasına əks mövqedə dayanıb: "Milli Şura Azərbaycana zidd, düşmən qüvvələrin idarə etdiyi, müstəqilliyimizə qənim kəsilən qüvvələrin idarə etdiyi bir qurumdur. Müsavat partiyası bu şurada qalacaqsa, bu o deməkdir ki, elan etdiyi prinsiplərə xəyanət edir və verdiyi bəyanatlar sadəcə monipulyasiya xarakteri daşıyır".

E.Mirzəbəyli qeyd edib ki, Müsavat divanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürüb: "Hesab edirəm ki, İsa Qəmbərin bu mövqedən geri çəkilmək imkanı yoxdur. Çünki, onun namizədliyini partiyanın məclisi irəli sürüb. Belə olan təqdirdə ya İsa Qəmbər partiyanın başqanlığından getməli, ya da verilən qərara əməl etmədiyinə görə, partiyanın qərarına uyğun hərəkət etməlidir. Hesab edirəm ki, İ.Qəmbər Milli Şurada R.İbrahimbəyovun vahid namizədliyini müdafiə etməyəcək".

Siyasi şərhçi vurğulayıb ki, hazırki stiuasiyada Əli Kərimli Rüstəm İbrahimbəyov faktorundan İsa Qəmbərə qarşı istifadə edir: "Ə.Kərimlinin R.İbrahimbəyovu müdafiə edən bəyanat verməsinin əsas səbəbi İ.Qəmbərin seçkidə namizəd olma ehtimalını həzm edə bilməməsidir. Hesab edirəm ki, indiki vəziyyətdə Milli Şura daxilində vahid namizədlə bağlı ortaq məxrəcə gəlmək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə