Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş əraziləri tam nəzarətsizdir. Ora yalnız Ermənistanın silahlı qüvvələri nəzarət edir. Deməli Dağlıq Qarabağ ərazisi işğalçı Ermənistanın rəhbərləri tərəfindən ciddi idarə olunur. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan işğal olunmuş ərazilərimizdə narkotik maddələrin yetişdirilməsi faktorunu dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb: "Ermənilər bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi, insan alveri, silah qaçaqmalçılığı, terrorçu qrupların hazırlanması kimi bədnam əməllərlə məşğuldurlar. Bu, Ermənistanın dövlət siyasətidir. Beynəlxalq təşkilatların bu kimi hallara qarşı lazımi addımları atmaması məsələsinə gəlincə isə, etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatlar bu məsələlərin aradan qaldırılmasında acizdir".
Qeyd edək ki, son günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB