Azərbaycan Əfqanıstana 150 min ABŞ dolları ayırıb

Azərbaycan Əfqanıstana 150 min ABŞ dolları ayırıb

"Əfqanıstan hökuməti ilə Azərbaycan arasında güclü əlaqələr mövcuddur. Ümid edirəm ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində də geniş əməkdaşlıq edəcəyik". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Yardım Agentliyi (AİDA) və BMT-nin İnkişaf Proqramı və ölkəmizdə səfərdə olan Əfqanıstan nümayəndə heyətləri ilə birlikdə keçirilən mətbuat konfransında bu ölkənin kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sangi deyib.

Əfqan nazirin sözlərinə görə, əfqan hökuməti Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə maraqlıdır: "Artıq 6 aya yaxındır ki, Azərbaycanda Əfqanıstan səfirliyi açılıb. Güman edirəm ki, tezliklə Azərbaycan da Əfqanıstanda öz səfirliyini açacaq. Əfqanıstan Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Biz informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil, e-hökumət və digər sahələrdə əməkdaşlıq etmək istəyirik. Bununla əlaqədar olaraq ölkənizdə bir çox yüksək vəzifəli məmurlarla görüşlər keçirdik. Xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüşümüzdə bildirdim ki, Əfqanıstan Azərbaycanın təhsil sisteminə böyük əhəmiyyət verir və əfqan tələbələrin Azərbaycanda təhsil almaları üçün təqaüd proqramı təmin edilsin".

Mətbuat konfransında əfqan nazir ölkəsinin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafının qənaətbəxş olduğunu qeyd edərək bildirib ki, Əfqanıstanın 30 milyon əhalisindən 20 milyonu mobil telefondan istifadə edir: "Əfqanıstanda 5 mobil operator 3G xidməti göstərir. Eyni zamanda ölkəmizdə yüksək keyfiyyətli fiber-optik internet şəbəkəsi qurulub".

Nazir Əfqanıstanda vəziyyətin gərgin olduğunu, amma buna baxmayaraq, ölkəyə yatırılacaq investisiyaların qorunması sahəsində istənilən addımın atılacağını vurğulayıb.

AİDA-nın rəhbəri Əşrəf Şıxəliyev qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində Əfqanıstan və Azərbaycan arasındakı layihə başlanğıc mərhələsindədir: "Bu layihə çərçivəsində xüsusi işçi qrupu yaradılacaq. Artıq layihəyə 150 min ABŞ dolları dəyərində vəsait ayrılıb. İşçi qrupunun qərarından asılı olaraq vəsaitin həcmi arta bilər".

Mətbuat konfransında iştirak edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə bildirib ki, BMT Əfqanıstan və Azərbaycan arasındakı əlaqələri dəstəkləyir.

Qeyd edək ki, Əfqanıstan İslam Respublikası hökumətinin kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi və əksəriyyəti nazir müavini səviyyəsində olan 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti ölkəmizdə bir sıra görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə