Bu gün "Səs" qəzetində Ümummilli Lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışına həsr olunan "Milli Qurtuluşa gedən yol" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, millət vəkili Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və media nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 15 iyun "Qurtuluş günü"nün xalqımızın tarixində dönüş nöqtəsi olduğunu qeyd edib: "15 iyun tarixi xalqımızın taleyinə dönüş nöqtəsi kimi yazılıb. 1993-cü ilin məhz həmin günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizi parçalanmadan və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfü deyil. Səriştəsiz rəhbərlərin dövləti idarə edə bilməmələri, Ermənistanın artan təcavüzü qarşısında xalqın gücünə yox, kənar qüvvələrə arxalanmaq yenicə müstəqillik əldə etmiş ölkəmizi məhvə sürükləyirdi. Bundan çıxış yolunu xalq yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsində görürdü. Bu məqsədlə dahi siyasətçi Heydər Əliyevi Bakıya dəvət edirdi. Belə bir zamanda xalqımızın dahi oğlu bu çağırışa biganə qala bilməzdi.
1990-cı illərin qısa xronologiyasını tədbir iştirakçılarının diqqətinə çatdırmaq üçün həmin dövrdə baş verən hadisələrin canlı şahidi Eldar İbrahimova söz vermək istəyirəm".
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov çıxış edərək bildirib ki, 1990-cı ildə məlum səbəblərə görə Ulu Öndər Heydər Əliyev Moskvadan öz Vətəninə - Azərbaycana, sonra isə Naxçıvana qayıtdı, əhali öz xilaskarını çox yüksək səviyyədə qarşıladı: "1990-cı ilin payızında Azərbaycanın Ali Sovetinə və Naxçıvanın MR Ali Sovetinə keçirilən seçkilərdə ulu öndər hər iki seçkili orqana üzv seçildi. İlk sessiyaya ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. İlk dəfə Naxçıvanda 1990-cı ilin 17 noyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağını, dövlətçiliyimizin ən mühüm atributlarından birini qaldırdı. Sonrakı sessiyalarda bir çox qərarlar qəbul olundu. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin apardığı düşünülmüş siyasət idi. Ancaq o zaman hakimiyyətdə olan qüvvələr bu dahi insanın yürütdüyü siyasəti anlamırdılar. O dövrdə Naxçıvan Ali Məclisinə deputat seçilən şəxslər Ulu Öndər Heydər Əliyevi müdafiə edirdilər. Biz hər birimiz Ümummilli Liderin alternativinin olmadığını bilirdik. Məhrumiyyətlərə baxmayaraq, hakimiyyətin maneələrinə, təzyiqlərinə baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni düşdüyü bəlalardan qorumaq missiyasını həyata keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa arxalanmaq, dəstəyini xalqdan almaq böyük uğurların açarıdır".
YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov isə bildirdi ki, qurtuluşa gedən yol 1990-cı ilin yanvarın 21-dən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək o vaxtki rəhbərliyi tənqid etməsindən başlayır: "Ulu Öndər bu addımı ilə siyasi fəaliyyətinə yenidən başladı. Azərbaycan xalqı da lidersiz olmadığını anladı. Həqiqətən də belə idi. Xalqımızın uğrunda canından keçəcək lideri vardı. Ulu Öndərin Moskvadakı çıxışı Azərbaycan xalqının sarsılmış inamını geri qaytardı".
Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini de-yure elan edən Azərbaycan Respublikası dövlət qura bilmədi: "Ona görə ki, Moskvanın diktəsi ilə oturub-duran Ayaz Mütəllibov müstəqil siyasət yeritmək iqtidarında olan rəhbər deyildi. Ondan sonra hakimiyyətə gələn AXCP-Müsavat cütlüyü tam səriştəsiz, savadsız, siyasi və ümumi mədəniyyəti, dövlət idarəçiliyindən anlayışı olmayan insanlar idi. Onlar küçələrdən birbaşa kabinetlərə doluşan adamlar idilər. Həmin kreslolar onlara o qədər yad idi ki, orada necə oturmaq lazım olduğunu bilmirdilər. Azərbaycan dövləti və xalqı 15 iyun 1993-cü il tarixində Ulu Öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu. Səriştəsizlikdən, hakimiyyətsizlikdən, siyasi ambisiyalardan qurtularaq, böyük cəsarətlə millətin bir millət kimi silinməsi təhlükəsinin üzərindən addımladıq".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışı zamanı vurğuladı ki, Azərbaycanın yaşaması, var olması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "O illərdə hakimiyyətdə olan yaramaz və yarıtmaz şəxslər hər vəchlə çalışırdılar ki, Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtmasın. Rəhim Qazıyevin Naxçıvandan ikinci cəbhə açmaq niyyəti də bu məkrli planın tərkib hissəsi idi. Həmin dövrdə hakimiyyətdə olanlar Azərbaycana qarşı xəyanət yolu tutdular. Məhz bu yaramaz insanlar Ümummilli Lider Heydər Əliyevə vaxtında imkan versəydilər, Azərbaycanın bugünkü problemləri olmazdı. Azərbaycana məxsus torpaqlar məhz həmin insanların şərəfsiz əməlləri nəticəsində itirildi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla bütövlükdə Azərbaycan dövlətinin qorunmasına nail oldu. Ulu Öndər bu qayıdışla Azərbaycan dövlətinin və xalqının mövcudluğunu təmin etmiş oldu".
Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan MDB məkanında ən zəif dövlət idi: "Çünki o dövrdə xalqın siyasi iradəsini təmsil edəcək siyasi lider yox idi. Xalq siyasi lider obrazı axtarırdı. Doğrusu, bu obraz xalqın beynində vardı, ancaq təəssüf ki, o dövrdəki qüvvələr bunu silməyə çalışırdılar. 1991-ci ildə hakimiyyət peşəkar mitinqçilərin əlində idi. Amma xalqın dövləti qurub, idarə edəcək liderə ehtiyac vardı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlət quruculuğu prosesi başlandı".
Daha sonra millət vəkili Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək o dövrdə baş verən siyasi proseslərdən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB