Prezidenti Gürcüstan nümayəndələrini qəbul edib

Prezidenti Gürcüstan nümayəndələrini qəbul edib

Prezidenti İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.SİA-nın məlumatına görə, dövlət başçısı Gürcüstan hərbçilərinin Əfqanıstanda faciəli surətdə həlak olması ilə əlaqədar Gürcüstan rəhbərliyinə və Gürcüstan xalqına başsağlığı verib.

Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidze başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Nazir Gürcüstanın baş naziri Bidzina İvanişvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətini ölkəsinin baş naziri tərəfindən yüksək qiymətləndirildiyini deyib. D.Daraxvekidze baş nazir B.İvanişvilinin son illər Azərbaycanın əldə etdiyi uğurları, şəxsən prezident İlham Əliyevin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri də yüksək dəyərləndirdiyini qeyd edib. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gürcüstanın Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirib.

Gürcüstanın baş naziri B.İvanişvilinin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlət başçısı həmin səfər zamanı ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğulayıb. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu deyib. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlət başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.

Dövlət başçısı Gürcüstanın baş naziri B.İvanişvilinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın baş nazirinə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə