Elman Nəsirli: “Ermənistanın yeritdiyi siyasət “bumeranq effekti” yaradıb”

Elman Nəsirli: “Ermənistanın yeritdiyi siyasət “bumeranq effekti” yaradıb”

"Dünən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı məsələyə bir daha diqqəti cəlb edərək bildirib ki, bu məsələdə Azərbaycanın dəyişməz siyasəti var. Heç bir halda Dağlıq Qarabağın müstəqillik qazanması məsələsi danışıqların predmeti olmayıb və heç bir zaman da olmayacaq. Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünya praktikasında ən yüksək səviyyədə müşaiyət olunan statusu verməyə hazırdır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirli deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda heç bir müstəqillikdən söhbət gedə bilməz: "Bu, Azərbaycanın dəyişməz siyasətidir. Həmçinin ölkə başçısı İlham Əliyev qeyd edib ki, Ermənistana münasibətdə həyata keçirdiyimiz təcrid siyasətini bundan sonra da davam etdirəcəyik. Bu siyasət özünün nəticələrini göstərir. Bunun nəticəsidir ki, Ermənistanda hər il 100 minə qədər insan ölkəni tərk edir. Onların sabahlarına inamları yoxdur və ölkə ərazisində yaşamaq onlar üçün məna kəsb etmir. Ermənistanın yeritdiyi siyasət "bumeranq effekti" yaradıb. Bundan başqa prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan münaqişənin həllinin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Amma Azərbaycan bu məsələdə istənilən varianta hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə