Aydın Hüseynov: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaradıcılıq, quruculuq dövrüdür” MÜSAHİBƏ

"Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin əsas hədəfi ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və hər bir vətəndaşın öz ölkəsində rahat şəkildə yaşamasını, fəaliyyət göstərməsini təmin etməkdir"
Aydın Hüseynov: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaradıcılıq, quruculuq dövrüdür” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:

- Aydın müəllim, bu gün Yeni Azərbaycan Partiyasının V qurultayı keçirildi. Qurultayda prezident İlham Əliyevin namizədliyi rəsmi olaraq təsdiqləndi və hakim partiyanın strukturunda dəyişiklik oldu. Orada söylənilən fikirlərlə bağlı təəssüratlarınızı öyərnmək istərdik…

- Bu gün Yeni Azərbaycan Partiyasının V qurultayı keçirildi və hakim partiyanın bu qurultayı Azərbaycanın ictimai-siyasi həyatında ən mühüm hadisə kimi yadda qaldı. Ümummilli lider Heydər Əliyev zəkasından doğan YAP-ın hər bir tədbiri və xüsusilə bu gün keçirilən V qurultayı ölkə cəmiyyəti, ictimaiyyəti üçün və konkret olaraq, Azərbaycan xalqı üçün önəmli hadisədir. Burada müzakirə olunan məsələlər və qurultayın çıxardığı qərarlar taleyüklü xarakter daşıyır. Çünki YAP Azərbaycan xalqının mənafeyinin, ölkəmizin iradəsinin ifadəçisidir. Bir sözlə, hakim partiyanın V qurultayında tarixi qərar qəbul olundu. Belə ki, ölkə başçısı İlham Əliyevin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürüldü və təsdiqləndi. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev 2003-cü ildən etibarən, Azərbaycan respublikasının prezidenti vəzifəsini daşıması ilə ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən qüdrətlənməsinə, güclənməsinə çox böyük töhvələr verib. Azərbaycan artıq dünyada qəbul olunan, tanınan və özünəməxsus inkişaf yolunu müəyyənləşdirən unikal dövlətə çevrilib. Ölkə iqtisadiyyatı dünya iqtisadiyyatı üçün unikal xarakter daşıyır. Dünyaın heç bir ölkəsində bu tempdə inkişaf nəzərə çarpmayıb. Son 10 ildə Azərbaycanın iqtisadiyyatı üç dəfə artıb və işsizliyin səviyyəsi kəskin şəkildə aşağı düşüb. Beləcə, ölkə iqtisadiyyatının bütün makroiqtisadi göstəriciləri dinamik artımla müaşhidə olunub. Yoxsulluğun səviyyəsi 50 faizdən, 5,2 faizə düşüb. Bununla belə ölkədə 1 milyon 100 min yeni iş yeri açılıb. Bu gün ölkənin xarici borcu, digər dövlətlərlə müqayisədə ən aşağı səviyyədədir. Ümumi daxili məhsulun (ÜDM) həcminə görə də ölkəmizdə vəziyyət ürəkaçandır. Bununla belə ölkəmizin siyasi nüfuzu da getdikə artıb. Bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm siyasi baxımından güc mərkəzinə çevrilib. Azərbaycanın və konkret olaraq ölkə başçısı İlham Əliyevin qətiyyəti, təşəbbüsü ilə regionda çox böyük layihələr həyata keçirilib və keçirilməkdədir. Məlum olduğu kimi ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşa bilməz. Ümumilikdə götürdükdə, prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaradıcılıq, quruculuq dövrüdür. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəfi ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və hər bir vətəndaşın öz ölkəsində rahat şəkildə yaşamasını, fəaliyyət göstərməsini təmin etməkdir. Artıq ölkənin iqtisadi inkişafında neft amilindən asılılıq getikcə azalır. Beləcə, ölkədə qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülüb. Heç də təsadüfi deyil ki, 2013-cü ilin beş ayı ərzində qeyri-neft sektorunun həcmi 11 faiz artıb. ÜDM-nın tərkibində qeyri-neft sektorundan əldə olunan gəlirlərin payı ilbəil artır. Artıq ölkəmiz kosmosa öz peykini buraxıb və bu orbitə sahib olan ölkələrdən biri kimi dəyərləndirilir. Bütün bunların hər biri Azərbaycan respublikasının prezidenti İlham Əliyevin zəhməti, qətiyyəti nəticəsində əldə olunub. Bir daha Azərbaycan cəmiyyəti, ölkə vətəndaşı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin tərəfindədir. Hər bir Azərbaycan vətəndaşı öz həyatında, ailəsində bu qayğını, diqqəti görürür. Bildiyiniz kimi Regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramı artıq qəbul olunub. Bu proqramlar, çox müsbət nailiyyətlərlə yekunlaşmaq üzrədir. Artıq Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü dövlət proqramı qəbul olunacaq. Bununla da Azərbaycan bütövlükdə inkişaf edən dövlətə çevriləcək. Dövlət başçısı İlham Əliyev Azərbaycan vətəndaşı, cəmiyyəti ilə çox səmimi şəkildə bir-birinə hörmət və ehtiramla yanaşaraq, ölkəmizi inkişaf etdirir. Ümumilikdə götürdükdə, 50 milyonluq dünya azərbaycanlıları inanır ki, prezident İlham Əliyev Azərbaycanı güclü, qüdrətli dövlətə çevirəcək.

- Bu gün YAP-ın V qurultayı ilə eyni vaxtda müxalifətin "Milli Şura" adlı qurumu da təsis olunub. Amma həmişə olduğu kimi yenə də radikal düşərgənin üzvləri arasında fikir ayrılığı yaranıb. Sizcə, bu onların səriştəsizliyindən, özlərinə inamsızlığından irəli gəlmir ki ?

- Heç bir zaman "Milli Şura" adlı qurum YAP-la rəqabət apara bilməz. Bunların təsis olunması isə sadəcə olaraq, görüntüyə hesablanıb. Məlumdur ki, onlar bu şuranın yaradılması ilə bağlı aylardır ki, müzakirələr aparır və yekdil qərara gələ bilmirlər. "Milli Şura" adlandırılan bu dərnəyin üzvlərinin hərəsi bir mənbəyə, dairəyə və s. bağlıdır. Bir sözlə, bunlar heç vaxt bir araya gələ bilməyəcək. Onların əldə etdikləri sadəcə olaraq, idarə olunduqları mərkəzdən faydalanmağa çalışdıqları qrantlardır. Bu insanlar sonradan həmin qrantların hesabatını verə bilməyəcəklər deyə, gələcəkdə böyük problemlər yaşayacaqlar. Müxalifət üzvləri hələ ki, bu qrantların şirinliyinə aldanıb müxtəlif işlər görürlər. Bu gün öz xalqından, vətəndaşından etimad almayan heç bir qurum uğur qazana bilməz. Milli köklərə, dəyələrə malik olmayan heç bir kəs millətin adından danışa bilməz. Onların YAP-ın qurultayı ərəfəsində bir araya gəlib "Milli Şura" adlı qurum təsis etmələri sabun köpüyündən başqa bir şey deyil. Cəmiyyət tərəfindən dəstəklənən və 1993-cü ildən bu yana Azərbaycan cəmiyyətinin, vətəndaşlarının etimadını qazanan, ölkədə keçirilən bütün seçkilərdə yüksək, mütləq səs çoxluğu əldə edərək iqtidar partiyasına çevrilən YAP-la özünü "Milli Şura" adlandırıb millətə heç bir dəxli olmayan cılız düşüncəli insanların rəqabət aparması mümkün deyil, buna onların gücü çatmaz. Hakim partiya qüdrətli partiyadır və bunun əsasında Ümummilli lider Heydər Əliyev zəkası yaranır.

- Sonda AXCP sədri Əli Kərimlinin "SOROS" fondundan 110 min ABŞ dolları məbləğində vəsait alması ilə bağlı məsələlərə diqqətinizi yönəltmək istərdim. Qeyd olunur ki, Əli Kərimli bu pulları əldə etmək üçün hətta həmin fondun hesabatlarını belə saxtalaşdırıb. Bu barədə fikirlərinizi alardıq.

- AXCP sədri Əli Kərimli özünü siyasi səhnəyə atdığı gündən çox ziddiyyətli fəaliyyət sərgiləyir. Hələ bu insan 1992-ci ildə, Xalq Cəbhəsi hakimiyyətdə olduğu dövrdə belə öz ətrafı tərəfindən qəbul olunmayıb. Biz onun fəaliyyətinə ekskursiya etsək görərik ki, o yalnız satqınlıqla gündəmdə qala bilib. Onun fəaliyyətində bu, ən əsas meyarlardan biridir. Əli Kərimli kimlərinsə pullu sifarişlərini yerinə yetirməklə məşğuldur. Bu, həmin insanın fəaliyyətində ilk belə hadisə deyil. O, xaricdə olan dairələrin vəsaitləri hesabına məhz Azərbaycan xalqının mənafeyinə zidd mövqedə dayanıb. Əli Kərimli bu gün də "SOROS" fondundan aldığı 110 min ABŞ dollarının hesabına manevr edir və sonda bunun da hesabatını verə bilməyəcək. Çünki, AXCP sədrinə xalq tərəfindən ümumiyyətlə, dəstək yoxdur. Azərbaycan cəmiyyətində onun qazandığı sadəcə olaraq nifrət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə