"Milli Şura fırıldaqçıların, siyasi dəllalların hazırladıqları qurumdur" MÜSAHİBƏ - SəsTV

Cümşüd Nuriyev: "Müxalifətin ən böyük faciəsi odur ki, onların İlham Əliyevi yoxdur"
"Milli Şura fırıldaqçıların, siyasi dəllalların hazırladıqları qurumdur" MÜSAHİBƏ - SəsTV

Politoloq Cümşüd Nuriyevin SəsTV-yə müsahibəsi:

- AXCP sədri Əli Kərimli və Müsavat Partiyası başqanı İsa Qəmbər ABŞ səfiri ilə görüşündən və xarici səfərlərindən sonra cəmiyyətdə belə fikir formalaşdırmağa çalışırlar ki, bəzi qərb ölkələri, eləcə də Rusiya Azərbaycan iqtidarını dəstəkləmir. Halbuki istər ABŞ, İngiltərə Rusiya ilə Azərbaycanı kifayət qədər sıx əlaqələri mövcuddur.

- Hər bir dövlətin xarici siyasətində bir neçə istiqamətdə şaxələnmiş mövqeləri var. Qərb dövlətləri - Amerika, İngiltərə, Fransa, Almaniya və digərləri milli və dövlət maraqlarının nəticəsini əldə etməkdən üçün bir neçə istiqamətdə siyasi fəaliyyət göstərirlər. Burada dövlət və qeyri-dövlət strukturları var. Azərbaycanın qeyri-hökumət təşkilatları və siyasi partiyalar tək iqtidarı tənqid etmir. Nə vaxt ki, onların maraqlarını qərb qorumur, necə deyərlər onların ağlasığmaz hərəkətləri dəstəklənmir, elə o zaman iqtidarın dostu bunların düşməni olur. Əgər dövlətlərin rəhbərliyi tərəfindən hər hansı ölkənin bayramı təbrik olunursa və onun prezidentinə xüsusi dəstək elan olunursa, bu həmin dövlətlərin Azərbaycanla strateji tərəfdaş olduğunu göstərir. Eyni zamanda, bu dövlət rəhbərlərinin şəxsi münasibətidir. Təbii ki, onların da daxilində iqtidarı sevməyənlər var. Kim Azərbaycanı haqlı və ya haqsız tənqid edib iqtidara hücum edirsə, müxalifət bunu qürrələnərək qarşılayıb gündəmə gətirir. Bu günə qədər müxalifətin heç bir reytinqinin olmamasının da əsas səbəbi budur. Bu insanlar millətin maraqlarından çox özlərinin şəxsi reytinqlərini, partiya və ya təşkilatlarının biznes maraqlarını güdür. Onların başqa marağı yoxdur. Parlamentdəki müxalifət partiyalarını satqın hesab edirlər. Onlar satqın idisə, bundan əvvəl parlamentdə təmsil olunan AXCP - Müsavat təmsil olunanda niyə demirdilər ki, müxalifət satılıb?!

Dünyada demokratik prinsiplərdən kənara çıxıb, nəyəsə qiymət vermək məsələsi yoxdur. Ancaq Azərbaycan müxalifəti yeni bir "müxalifətmetr" kəşf ediblər. Əli Kərimli desə ki, kimsə müxalifətdən deyil, deməli bu belə də olmalıdır. Bu tam diktaturadır. Azərbaycan müxalifəti sayılanların liderlərinin siyasi təfəkkürü çox aşağı səviyyədədir. Onlar yeni piyar texnologiyaları ilə tanış deyillər. 25 il bundan qabaq necə fikirləşirdilərsə, indi də elə düşünürlər. Ona görə də onların Azərbaycan haqqında söylədiyi fikirlər ciddi qəbul edilmir. Bu sadəcə klounun sirkdə söylədiyi fikirlərə bərabərdir.

- "Milli Şura" deyilən qurum ətrafında müxtəlif fikirlər səsləndirilir və müzakirələr aparılır. Hətta radikal müxalifətdə olan insanlar da etiraf edir ki, adının təmtəraqlı olmasına baxmayaraq, bu da əvvəl yaradılan birliklər kimi iflasa uğrayaq. Buna sizin münasibətiniz necədir?

- Milli Şura ideyası ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olduğuna görə müxalifət AXC-nin 95 illiyində bu məsələni gündəmə gətirməklə nəyəsə imza atdıqlarını düşünürlər. Ən böyük faciə odur ki, onlar hələ də eyforiadadırlar. Əslində "Milli Şura" seçilmiş orqandır. Yəni onların fikirləşdiyi kimi, kiminsə təyin etdiyi qurum deyil. Əvvəllər bəyan edilmişdi ki, üzvlər 51 nəfərdən ibarət olacaq. Lakin indi həmin qurumun tərkibində heç 10 nəfər belə yoxdur. Milli Şuranın tərkibində təmsil olunan partiyaların əksəriyyəti bir "qovluq" və özündən ibarətdir. Digər tərəfdən isə Şuranın prinsipləri bəlli deyil. Azərbaycanda demokratiya həqiqi mənada "qıcqırıb". Bu işdə Ədliyyə Nazirliyini günahkar görürəm. Çünki həmin nazirlik qeyri-qanuni fəaliyyət göstərən təşkilat haqqında Daxili İşlər Nazirliyi qarşısında məsələ qaldırmalı idi. Ədliyyə Nazirliyi isə bu işlə məşğul olmaq istəmir. Bu da Azərbaycanda demokratiyanın bəlli çərçivələrdən kənara çıxmasına əsas verir.

Bir faktı da qeyd edim ki, Rüstəm İbrahimbəyov əvvəllər bəyan edirdi ki, burada olmaq istəmir. Ancaq indi deyir ki, Milli Şura razılıq versə, mən də orada olacağam. Təbii ki, hər kəs prezidentliyə öz namizədliyini verə bilər. Lakin bir şeyi dərk etməlidirlər ki, R.İbrahimbəyov Kinematoqrafiya İttifaqının Vergilər Nazirliyi ilə yaranan problemi həll etmək əvəzinə ölkədən qaçdı. Tanınmış aktyor Rasim Balayev isə güdaza getdi və onun axmaq siyasətinin qurbanı oldu. Bu insan necə prezident olmaq istəyir ki, Moskvada oturub bəyanat verir ki, Azərbaycana gəlsəm məni həbs edəcəklər. İlk növbədə deyim ki, Azərbaycan iqtidarı onu istəsə də həbs etməyəcək, çünki ona bu tarixi şansı verməzlər. Əgər bu şans sənin əlində varsa və məşhurlaşmaq istəyirsənsə, o zaman gəl və həbs olun. Millətin bütün qayğılarını necə çiyinlərinə götürmək istəyirsən?!

Həmin insanları ancaq biznes maraqlandırır. Azərbaycan müxalifəti nə günə qalıb ki, köhnə fırıldaqçılar onların başı üzərindən pul qazanırlar. Əsas məsələ oktyabrın 16-dan sonra olacaq. Onlar nə qədər mübarizə aparsalar da seçkilər tam şəffaf, demokratik şəkildə baş tutacaq. Prezident İlham Əliyev minimal olaraq 75 % səs toplayacaq. Bu birmənalı şəkildə belə olacaq. "Saçyoldu" isə bundan sonra başlayacaq. Bu günə qədər hamını aldadanlar oktyabrın ortalarına qədər bütün əşyalarını yığıb ölkədən qaçacaqlar. Bir müddət itdikdən sonra yenidən növbəti seçkilər üçün biznes qurmaq istəyəcəklər. Milli Şura fırıldaqçıların həyata keçirdikləri və siyasi dəllalların hazırladıqları qurumdur. Burada hər hansı millilikdən söhbət gedə bilməz. Milli o zaman olardı ki, o millətin və dövlətin maraqlarını qorusun. Heç bir müxalifət partiyasının rəhbərlərinin siyasi təcrübəsi və savadı yoxdur. Lakin prezident İlham Əliyev ən azından siyasi elmlər doktorudur. Heç olmasa bunu dərk etsinlər.

- Sabah Yeni Azərbaycan Partiyasının V qurultayı keçiriləcək və partiya öz namizədini irəli sürəcək...Təbii ki, bu da müxalifəti qıcıqlandırır...

- Müxalifət bu məsələdə çox səs-küy qaldırdılar ki, tarix niyə avqustdan iyuna keçirildi. Burada qeyri-adi heç nə yoxdur. Bu günə qədər həmin müxalifətin mətbuatı bir həftədən öncəyə qədər İlham Əliyevi tənqid edirdi ki, o, öz namizədliyini verə bilmir və partiya daxilində gərginlik var. Hətta guya İlham Əliyevi orada sıxışdırırlar. İlham Əliyev də müxalifətin yazdıqlarına baxdı və qərar verdi ki, qurultay daha tez keçirilsin. Onsuz da YAP-ın nümayəndələri elan etmişdilər ki, bizim yeganə namizədimiz var, o da İlham Əliyevdir. Qurultayın tarixinin dəyişməsi də müxalifəti çox çaşdırdı. Məhz buna görə də onlar Milli Şuranın təsis konfransının iclasını sabaha salmaqla yeni kəşfə imza atdıqlarını düşünürlər. Ancaq ortada heç bir şey yoxdur. Onsuz da onlar YAP-ın arxasınca sürünürlər. Müxalifətin ən böyük faciəsi odur ki, onların İlham Əliyev kimi layiqli namizədi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə