Aydın Hüseynov: “Almaniyada heç bir demokratik prinsip gözlənilmir” AÇIQLAMA
"Bu gün biz Avropadakı ümumi mənzərəyə, xüsusilə Avropa Birliyinə nəzər salsaq görərik ki, Avropa İttifaq (Aİ) ideyası Almaniyanın özündən qaynaqlanıb. Beləcə, Aİ-yə daxil olan ölkələr get-gedə Almaniya dövlətinin təsirinə məruz qaldılar. Çünki əsas maliyyə qaynağı olan Almaniya bu rıçaqlardan istifadə edərək, digər dövlətlərin iqtisadiyyatına təsir göstərmək imkanına malik oldu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Almaniyanın Frankfurt şəhərində insan hüquqlarının pozulmasına, ölkədəki qeyri-sabit vəziyyətə etiraz edən insanlara qarşı alman polisinin kobud rəftarına münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, bu gün Avropadakı iqtisadi böhranın yaranmasının başlıca səbəblərindən biri həmin ölkələrin iqtisadiyyatının Almaniya tərəfindən diqtə olunmasıdır: "Digər ölkələrdə də yaranan iqtisadi böhranın mənbəyində Almaniyanın alt məqsədi dayanır. Almaniyanın öz vətəndaşlarına qarşı davranışına nəzər salsaq görərik ki, burada ümumiyyətlə, demokratiyadan əsər-əlamət belə yoxdur. Frankfurtda Avropa Mərkəzi Bankının ətrafına toplaşan insanların çox qəddarcasına dağıdılması, onların döyülməsi, təhqir olunması özü belə həmin adıçəkilən ölkənin hansı demokratik dəyərlərə malik olduğunun əyani sübutudur. Bu adamlar ölkədə demokratik prinsiplərin bərqərar olunmasını, insanların maddi-rifah halının yaxşılaşdırılmasını, konkret olaraq öz haqlarını tələb edirlər. Əgər bu insanlar Mərkəzi bankın ətrafına toplaşıb aksiya keçirirsə, deməli bunların problemləri var. Həmin şəxslər bu insanların problemlərini həll etmək əvəzinə, onları dəyənəklə döyürlər. Bir sözlə insanların bu vəziyyətə gəlib çatmasının əsas səbəbkarı elə Almaniya dövləti və onun kanslerinin apardığı siyasətdir. Ümumilikdə götürdükdə, Almaniya dünyaya demokratiya dərsi keçməyə çalışır. Halbuki, özündə heç bir demokratik prinsip gözlənilmir".
Almaniyada Azərbaycan vətəndaşlarına qarşı zorakılığa gəlincə, A.Hüseynov Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasının əleyhinə olduqlarını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB