YAP Şuşa rayon təşkilatının IV konfransı keçirildi

YAP Şuşa rayon təşkilatının IV konfransı keçirildi

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının IV konfransı keçirilib. Konfransda YAP-ın yaradıcısı və qurucusu Heydər Əliyevin xatirəsi yad edilib. Gündəlikdə duran məsələ ilə əlaqədar açıqlama verən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev bildirib ki, təşkilatın 36 ilk ərazi təşkilatında 1565 üzv cəmləşib.Yarandığı gündən tarixi missiyasını layiqincə yerinə yetirən YAP-ın sıraları genişləndiyi kimi mütəşəkkilliyi davamlı olaraq artır.

Onun sözlərinə görə, demokratik inikşaf yolu ilə dünya birliyinə inteqrasiya edən Azərbaycanın iqtisadi inkişafı üçün uzunmüddətli inkişaf strategiyasının əsası qoyulmuşdur. Respublikanı əhatə edən davamlı və dayanıqlı iqtisadiyyatın inkşafında cəmiyyətin avanqardı olan YAP həmişə olduğu kimi yenə də aparıcı missiyasını davam etdirir. Bütün xalq bu inamdadır ki, Heydər Əliyev kursunu davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qətiyyəti ilə ölkəmiz daha böyük uğurlara imza atacaqdır.

YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva bildirdi ki, partiya sıralarında qadınların xeyli sayda təmsil olunması ikiqat sevindirici haldır: "Çünki qadınlar cəmiyyətin, eyni zamanda, hər ailənin aparıcı qüvvəsi, ictimai rəyin formalaşmasında əsas simalardan biridir. Ölkədə ana və qadınların hüquqlarının müdafiəsi üçün həyata keçirilən islahatlar, gender siyasətinin tətbiqi, yeniyetmələrin və uşaqların sağlam böyüməsi üçün həyat keçirilən tədbirlər, eyni zamanda, analara diqqət və qayğının nümunəsidir. Buna görə qadınlarımız qarşıdakı seçkilərdə Prezident İlham Əliyevə alternativ namizəd görməyərək mövcud iqtidarın siyasətini dəstəkləyəcəklərini bildirirlər.

Şuşa rayon İH başçısı Bayram Səfərov Azərbaycanın artan iqtisadi imkanlarından, aparılan infrastruktur layihəlrin coğrafiyasının daha da genişlənməsindən danışaraq Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq təşkilatlar və qüdrətli dövlətlər tərəfinədən dəstəklənməsini diplomatiyamızın uğuru kimi dəyərləndirib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyi tərəfindən artan maraq deməyə əsas verir ki, ölkəmizin haqq işi mütləq qalib gələcək, bütün qaçqın və köçkünlər doğma torpaqlarına qayıdacaqlar. Qaçqın və köçkünlərlə keçirilən görüşlərdə birmənalı olaraq bildirilir ki, qarşıdakı prezident seçkilərində doğma evlərindən didərgin düşən 1 milyondan artıq soydaşımızın namizədi Prezident İlham Əliyev olacaq və daim onun siyasəti dəstəklənəcəkdir.

Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ümumxalq partiyasına çevrilən, milyonların mənafeyini ifadə edən, dövlətçilik maraqlarını qoruyan YAP bütün zamanların partiyasıdır, cəmiyyətin avanqard qüvvəsidir. Onun sözlərinə görə, daim dövlətçilik mövqeyində dayanan YAP ictimai-siyasi hadisələrin ən mürəkkəb dövründə belə, xalqa düzgün yol göstərmiş, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev milyonlara liderlik edərək müstəqilliyimizin əsil xilaskarı olduğunu tarixi xidmətləri ilə təsdiqləmişdir. Bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev YAP-ın sədri kimi Azərbaycanın gələcəyi naminə müəyyənləşdirilən amala, məqsədə uyğun siyasəti davam etdirir. Ölkədə yoxsulluğun azaldılması və digər infrastruktur layihələr dövlət başçısının qətiyyətli siyasətinə etimadı daha da artırır. Buna görə də ölkə əhalisinin mütləq əksəriyyəti yenidən məhz Prezident İlham Əliyevə səs verəcəyini ifadə edir.

Konfransda YAP-a yeni üzv olanlara partiyanın vəsiqələri verilib. Sonra partiyanın V qurultayına nümayəndələr seçilib, YAP-ın Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə