Bu gün Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransında iştirak edən xarici qonaqlar Azərbaycan haqqında düşüncələrini SƏS TV ilə bölüşüblər:

Fayziye Ravofi Əfqanıstan parlamentinin nümayəndəsi;
"Belə bir konfransın Bakıda keçirilməsini müsbət dəyərləndirirəm. Biz burada müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq xüsusilə yoxsulluqla bağlı prioritet məsələləri gündəmə gətirdik. Bakı çox gözəl şəhərdir. Buradakı insanların mehriban rəftarı bizi valeh etdi. Ölkənizin qonaqpərvərliyi xüsusilə qeyd edilməlidir".
Antalya millət vəkili, professor Yusuf Ziya İrbeç;
"Bakıda ilk dəfə olduğum zaman abadlıq-quruculuq işləri aparılırdı. İndi isə gözlərimə inana bilmirəm, şəhər həddindən artıq gözəllişib və bununla belə işlər daha sürətlə davam edir. Bu da təbii ki, bizi çox qürurlandırır. Çünki biz Azərbaycana iki dövlət, bir millət olaraq baxırıq. Türkiyənin Azərbaycanla iş birliyi mövcuddur. Ölkənizin hər hansı bir probleminə biz həssaslıqla yanaşırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanında olub. İşğalçı ölkənin silahlı qoşunları tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamı biz heç bir zaman yaddan çıxarmadıq".
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali;
"Azərbaycanda Dünya Bankının proqramlarını həyata keçirmək üçün Bakıya tez-tez səfər edirəm. Bakının inkişafı və gözəlliyi məni heyran edir. Düşünürəm ki, Azərbaycan xalqı Bakıda yaşamaq və işləməkdən böyük zövq alır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə deyə bilərəm ki, bu məsələnin həlli ilə birbaşa Birləşmiş Millətlər Təşkilatı (BMT) məşğul olur. ATƏT-in Minsk qrupu isə bu məsələnin sülh yolu ilə həllinə çalışır. Biz inanırıq ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunacaq".
Parlament nümayəndəsi David Oppon Kasi;
"Dünya Bankı bir çox inkişaf etməkdə olan ölkələrə pul yatırır və bu pullar da prezident və nazirliklərə təqdim olunur. Bu konfransın keçirilməsində ən əsas məqsəd Dünya Bankının ayırdığı pulların insanlar üçün necə sərf olunması yollarını müzakirə etmək və iqtisadiyyatın şəffaflığını təmin etməkdir. Biz hər il iclas keçirir və problemləri olan ölkələrə nəcə kömək edə biləcəyimiz barədə qərarlar qəbul edirik. Bakı çox gözəl şəhərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB