Əli Həsənov: “Gənclərlə görüş dövlət qulluqçuları üçün ciddi məsuliyyət doğurur”

Əli Həsənov: “Gənclərlə görüş dövlət qulluqçuları üçün ciddi məsuliyyət doğurur”

"Azərbaycanda fəaliyyət göstərən, təşkilatlanmış və ya təşkilatlanmamış, siyasiləşmiş və ya siyasiləşməmiş, intellektual və ya qeyri-intellektual, ümumiyyətlə bütün kateqoriyalardan olan gənclərlə hər zaman məmnuniyyətlə görüşürəm. Böyük auditoriyalarda necə həyacanlı oluramsa, gənclər qarşısında çıxış edən zaman da bir o qədər həyacanlı oluram. Bu ondan irəli gəlir ki, gənclərlə hər bir görüş, dövlət qulluqçuları üçün sözün həqiqi mənasında ciddi məsuliyyət doğurur. Gənclər qarşısında çıxış edərkən, bütün respublikanın gələcəyini görürəm. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda keçirilən seminarda səsləndirib.

Ə.Həsənov bildirib ki, gənclər elə yetişdirilməlidir ki, bütün hakimiyyət rıçaqları, mexanizmlər onlara həvalə ediləndə narahatlıq olmasın: "İndiki gənclik gələcəkdə dövlətimizi bizlərdən daha yaxşı idarə etməlidir. Bu sözün həqiqi mənasında ciddi məsuliyyət yaradır. Əgər bir millət özünün qarşıdakı illərini düşünürsə, ətrafındakı imkanlardan istifadə edərək qurub-yaratmalıdır. Bu, insanın qarşıdakı illərini təmin edəcək maddi və mənəvi resurslar yaradır. Əgər bir millət özünün qarşıdakı yüz illərini düşünürsə, sağlam nəsil yetişdirməlidir. Azərbaycan Respublikasının həyata keçirdiyi gənclər siyasətinin təməlində də məhz bu amil dayanır. Azərbaycanın gənclər siyasəti Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə xaos, anarxiya yaşanırdı. Xalq Azərbaycan dövlətçiliyinin iflası, iqtisadiyyatının, sosial həyatının, bir-birinin ardınca dərin böhranlara düçar olmasının şahidi idi. Həmin məqamda Azərbaycan gəncliyi onun müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə kor-təbii şəkildə küçələrə axışmışdı. Gəncləri idarə edəcək milli düşüncəli, idarəçilik təcrübəsi olan, dövlətinin, millətinin gələcəyini düşünən siyasətçilər meydanda olmalı idi. Amma, təəssüflər olsun ki, 1991-1993-cü illərdə gəncliyimiz düzgün istiqamətləndirilmirdi. Ayrı-ayrı siyasətçilər, siyasi partiyalar bu gəncliyi siyasiləşdirərək dövlətə və dövlətçiliyə, bir-birinə qarşı hakimiyyət uğrunda mübarizəyə sövq etmişdilər. Faktiki olaraq Azərbaycan gəncliyi ayrı-ayrı siyasi partiyaların çərçivəsində, kimlərinsə siyasi iddiasını reallaşdırmaq məqsədilə mübarizəyə qoşulmuşdu. Mübarizənin istiqaməti, amalı isə bəlli deyildi. Dövlət strukturları Azərbaycan gəncliyinin nəzarət altında olması təəssüratı yaratsa da, əslində gəncliyimiz tam olaraq taleyin ümidinə buraxılmışdı. Belə bir təəssürat yaradılmışdı ki, sanki gənclik nəyinsə uğrunda mübarizə aparır, çarpışır. Ona görə 1994-cü ildə Ulu Öndər Heydər Əliyev ilk növbədə daxili sabitliyi, qanunçuluğu, dövlətçiliyi və gənclik siyasətini dövlətin əsas istiqaməti olaraq ortaya qoydu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan xalqının, Yeni Azərbaycan Partiyasından olan və ya olmayan, siyasətə qoşulan və yaxud qoşulmayan hər kəsin tələbi və dəstəyi, o cümlədən Azərbaycanı ciddi böhrana salan səriştəsiz hakimiyyətin dəvəti ilə baş verdi. Ümummilli liderimiz hakimiyyətə gələndən sonra, YAP-ın qabaqcıl, düşüncəli, səriştəli insanlarını hakimiyyət strukturlarına yerləşdirdi. 1995-ci ildə isə YAP parlament seçkilərində üstün qələbəsini təmin edəndən sonra, tam hüquqlu iqtidar partiyasına çevrildi".

Bütün xəbərlər Facebook səhifəmizdə