Azərbaycanın birinci xanımı Milli Assambleyada və Senatda görüşlər keçirib

Azərbaycanın birinci xanımı Milli Assambleyada və Senatda görüşlər keçirib

Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində mayın 23-də Milli Assambleyada və Senatda bir sıra görüşlər keçirib.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva Milli Assambleyanın Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Xanım D. Orua Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, eyni zamanda, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirib.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva Avropa strukturları ilə əməkdaşlığın ölkəmizin xarici siyasətində mühüm yer tutduğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında və enerji layihələrində fəal iştirak etdiyini diqqətə çatdıran Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib.

Görüşdə digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon tərəfindən Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar verilib. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Ambruaz Düpon dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirləri yüksək qiymətləndirib.

Mehriban xanım Əliyeva da ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın inkişafı baxımından bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, Fransada Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva Senatın sədri Jan- Piyer Bellə görüşüb.

Jan- Piyer Bel Azərbaycanın birinci xanımının Fransa-Azərbaycan münasibətlərinin inkişafındakı müstəsna rolunu qeyd edib, onu Fransanın həqiqi dostu adlandırmış və Fransa mədəniyyətinin Azərbaycandakı təbliğinə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Fransa senatının sədri ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişaf etdiyini xüsusi qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında parlament diplomatiyasının önəmini vurğulayıb.

Mehriban xanım Əliyeva Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylərini yüksək qiymətləndirib.

Azərbaycanın birinci xanımı bundan sonra da parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə, Fransa Senatında ölkəmizin dostlarının sayının artacağına əminliyini ifadə edib.

Sonda Mehriban xanım Əliyeva Fransa Senatının sədrini Azərbaycana səfərə dəvət edib.

Günün sonunda Fransanın Frankafoniya məsələləri üzrə naziri Yamina Benqiqinin adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə