Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Kayseri Valisi Orhan Düzgünlə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili görüşdə, Orhan Düzgünü Kayseri valisi təyin olunması münasibətilə təbrik edib.Tədbirdə çıxış edən Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan daim qardaş Türkiyənin yanındadır. Əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili, Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.
Qənirə Paşayeva Kayseri valisi təyin edilən Orhan Düzgünün bundan əvvəl valisi olduğu Ordu ilə olduğu kimi, Kayseri ilə də Azərbaycanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələni edəcəyinə inandığını deyib. Dəfələrlə Kayseridə səfərdə olduğunu və Kayserini çox sevdiyini deyən millət vəkili Qənirə Paşayeva bu bölgə ilə bağlı kiçik tanıtım kitabı hazırladığını və yaxın zamanlarda Azərbaycan oxucularına təqdim edəcəyini də diqqətə çatdırıb.
Qənirə Paşayeva görüşdə həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar da verib.
Millət vəkili çıxışında Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımılar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.
Azərbaycanı çox sevdiyini deyən Kayseri valisi Orhan Düzgün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu və bu istiqamətdə bir vali kimi əlindən gələni edəcəyini bildirib.
Görüşün sonunda millət vəkili Kayseri valisi Orhan Düzgünə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab, materiallar və özünün müəllifi olduğu əsərləri də təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB