Politoloq: "Rusiyanın Ermənistanı silahlandırması neytrallığı pozur" MÜNASİBƏT

Politoloq: "Rusiyanın Ermənistanı silahlandırması neytrallığı pozur" MÜNASİBƏT

"Rusiyanın Ermənistanı silahla təmin etməsi onu göstərir ki, Rusiya həmsədr dövlət kimi statusuna uyğun olmayan addımlar atır". SİA-ya açıqlamasında siyasi ekspert Elman Nəsirli Rusiyanın Ermənistana silah nəql etməsi məsələsinə münasibət bildirərkən belə deyib.

O bildirib ki, Rusiyanın Ermənistanı silahla təmin etməsi yeni hadisə deyil: "Hələ 1997-ci ildə Rusiya Ermənistana haqqı ödənilmədən 1 milyard dollarlıq silah sursat verdi. O zamanlar bu hadisə böyük qalmaqala səbəb oldu. Həmin vaxt faktı inkar etmək istəsələr də, lakin sonradan hadisənin real olması təsdiqini tapdı. Sonrakı illərdə də oxşar proseslər davam edirdi. Belə ki, Rusiya 2010-cu ildə ehtiyac olmadığı təqdirdə Ermənistan gömrüyündə yerləşən 102-ci hərbi bazasının müddətini 49 il uzatdı. Bundan sonra isə 2011-ci ildə Rusiya bu bazadakı 30 obyektdən 10-nun silah sursatını Ermənistana verdi".

Elman Nəsirlinin sözlərinə görə, Rusiyanın həmsədr ölkə olmasına baxmayaraq, son illərdə bu hadisələr dəfələrlə təkrar olunur, yəni Ermənistanın birtərəfli istiqamətdə silahlandırılması prosesi gedir: "Məlumdur ki, həmsədr ölkə neytral olmalıdır. Rusiyanın Ermənistanı silahlandırması isə bu neytrallığı tamamilə pozur. Bu gün ağır silahlar və yeni hərbi texnikalar Ermənistanda yerləşdirilirsə, onlardan nə vaxtsa atəş açılacağı istisna deyil. Bu isə regionda mövcud olan gərginliyi bir az da artırır. Belə olan halda gələcəkdə baş verəcək bütün neqativ halların məsuliyyəti Ermənistanın və ona himayədarlıq edən tərəflərin üzərindədir. Azərbaycan bu halda baş verəcək hadisələrə görə heç bir məsuliyyət daşımır".

Siyasi ekspert Rusiyanın Ermənistana silah verməsi məsələsinin Azərbaycan-Rusiya münasibətlərinə də öz mənfi təsirini göstərəcəyini deyib: "Prinsip etibarilə bu kimi hadisələr izsiz qalmır. Lakin hərhalda Azərbaycan qonşu dövlətlərlə münasibətlərin inkişafında maraqlıdır. Bizim Rusiya ilə iqtisadi və humanitar sahədə, həmçinin siyasi dialoq müstəvisində ciddi əlaqələrimiz var. Lakin bu kimi mənfi hallar münaqişənin həlli prosesinə müsbət heç nə vəd etmir. Əksinə, bu vəziyyət Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğurur. Bəs bu Rusiyaya lazımdırmı? Regionun lider dövləti Azərbaycan olduğundan Rusiyanın iqtisadi baxımdan maraqları daha çox burada cəmləşməlidir. Ermənsitan Sovet İmperiyası dövründə dotasiya hesabına yaşayıb, hazırda da bu proses davam edir. Azərbaycan isə bloklara qoşulmayan dövlətdir, həmçinin heç bir dövlətin ölkəmizdə hərbi bazası yoxdur. Biz Qərb, Rusiya, İran və digər güc mərkəzlərilə bərabər tərəfdaşlıq münasibətlərində maraqlıyıq. Bu baxımdan da Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq xarakterinə malikdir. Bu kimi hallar isə şübhəsiz, həmin münasibətlərə mənfi nüanslar əlavə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə