Aydın Hüseynov: “10 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar əldə olunub” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:
- Aydın müəllim, Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib. Bununla bağlı sizin də təəssüratlarınızı bilmək istərdik ?
- Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı ən məşhur jurnallardan biridir. "Ekovitrin" jurnalı iqtisadiyyat, maliyyə, siyasət eləcə də televiziya sahəsində tədqiqatlar aparır. Məlumdur ki, bununla bağlı 271 min respondent arasında rəy sorğusu aparılıb. Birinci növbədə bu jurnal müəyyən tədqiqatlar aparır və sahələr üzrə nəticələr əldə olunur. Gəlin görək, adı çəkilən bu jurnal rəy sorğuları zamanı hansı təhlillərə söykənib? İlk növbədə, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar əldə olunub. Biz konkret faktlara əsaslansaq görərik ki, son 10 ildə Azərbaycana 130 milyard dollar sərmayə qoyulub və işsizliyin səviyyəsi çox aşağı faizlə (5,4%) müəyyənləşir. Halbuki bu, 10 il bundan əvvəl çox böyük rəqəm idi. Eləcə də son 10 il ərzində Dövlət büdcəsi xeyli artaraq, 20 milyard dollar təşkil edib. Bununla belə Ümumi daxili məhsul (ÜDM) üç dəfə artıb. Həmçinin ölkənin valyuta ehtiyyatları 50 milyarda yaxındır. Neft fondundakı valyuta ehtiyyatlarımız isə 36 milyard dollardan artıqdır. Biz sadəcə olaraq rəqəmlərin statistikasını ortaya qoyduq. Bununla belə ölkədə bütün inkişaf abadlıq-quruculuq işləri, regionların sosial-iqtisadi inkişaf dövlət proqramları ümumilikdə isə Azərbaycanın ayrı-ayrı problemli sahələri ilə əlaqədar konkret dövlət proqramları icra olunub və olunmaqdadır. Məsələn, Azərbaycanın "Ərzaq təhlükəsizliyi" proqramı ən iri proqramlardan biridir ki, o da artıq ölkəmizdə həyata keçirilir. Bu sıraya azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramını, "Azərbaycan-2020: Gələcəyə Baxış" inkişaf konsepsiyasını da əlavə edə bilərik. Biz burada yalnız Azərbaycanın daxilindəki iqtisadi prosesləri və ölkəmizin günü-gündən artan siyasi nüfuzunu təhlil etdik. Təsadüfi deyil ki, 2011-ci ildə 155 ölkənin səsverməsi ilə Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Bu təbii ki, ölkəmizin siyasi nüfuzunun göstəricilərindən biridir. İndi isə regional layihələrlə bağlı məsələlərdən bir neçəsini sadalayaq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və "Əsrin müqaviləsi" adlanan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac boru neft kəməri 2006-ci ildən etibarən öz məhsulunu Avropa bazarına çıxardı. Hazırda bu Avropanın enerji təhlükəsizliyi baxımından çox mühüm boru kəməridir. Bununla belə Bakı-Tbilisi-Qars qaz kəməri və həyata keçirilməsi planlaşdırılan TANAP layihəsini qeyd edə bilərik. Artıq bu işlərə başlanılıb. Eləcə də Orta Asiya və Mərkəzi Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolunu bu işlərə əlavə edə bilərik. Bütün bunlar isə regionu əhatə edən layihələrdir. Artıq Azərbaycan regionda konkret olaraq isə Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi baxımdan nüfuz sahibidir. Cənubi Qafqazın iqtisadiyyatının 85 faizi ölkəmizin payın düşür. Bununla belə Azərbaycan C.Qafqazda bütün iqtisadi göstəricilərinə görə, digər qonşu dövlətləri 2-3 dəfə qabaqlayıb. Orta Asiya və Mərkəzi Asiya ilə əlaqələrin qurulmasında və Avropaya bu ölkələrin inteqrasiya olunmasında Azərbaycan coğrafi baxımdan mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi əsas fəaliyyətin istiqamətlərindən birini iqtisadi strategiyanın ana xətti təşkil edir. Artıq ölkəmiz bu sahədə çox mühüm nailiyyətlər əldə edib. İqtisadiyyatın şaxələndirilməsinin bir qolunu və əsas ana xətlərindən birini sahibkarlığın, sənayenin və s. inkişaf etdirilməsi təşkil edir. Bu sahədə ötən ilin yekunlarına görə, 8,6 faiz artım əldə olunub. İnformasiya kommunikasiya texnologiyaları sahəsində (İKT) çox böyük işlər həyata keçirilib. Məlumdur ki, Azərbaycan artıq özünün ilk süni peykini Kosmosa çıxarıb. Yaxın illərdə isə ikinci peykin Kosmosa çıxarılması həyata keçiriləcək. Bu isə Azərbaycanın bütün sahələrdə tək ölkə daxilində deyil, ölkənin hüdudlarından kənarda da, konkret olaraq isə C.Qafqazda və M.Asiyada öz nüfuzunu daha da genişləndirir. Ölkəmiz bu region üçün strateji dövlətə çevrilib. Bütün bu iri layihələrin həyata keçirilməsi prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə onun fəaliyyətinin nəticəsi olaraq ortaya qoyulub. Bildiyiniz kimi, Avropada son illər iqtisadi böhran hökm sürür və işsizliyin sayı getdikcə artır. Ancaq ölkəmizdə bunun əksi olaraq, işsizliyin səviyyəsi getdikcə aşağı düşür, insanların real pul gəlirləri artır və onların sosial rifah halının yüksəldilməsi üçün həm dövlət büdcəsində, həm də digər mənbələrdən vəsaitlər nəzərdə tutulur.
- Artıq prezident seçkilərinə az müddət qalıb. Bəs, YAP Qaradağ rayon təşkilatı bu istiqamətdə nə kimi işlər görür?
- Ümumilikdə götürdükdə Yeni Azərbaycan Partiyası (YAP), seçki və seçkilərlə məşğul olmağı özünün gündəlik işi kimi qəbul edir. Hakim partiya gün ərzindəki fəaliyyətinin 70 faizini seçkilərlə bağlı məsələlərə həsr edir. YAP-ın seçkilərə hazırlıq və seçkilərlə bağlı məsələlərini mərhələlərə bölmək olar. Bu seçkilərə qədərki mərhələ və seçkidən sonrakı mərhələ adlanır. Sözsüz ki, seçki ili olduğundan biz bu istiqamətdə işlərimizi daha da gücləndiririk və indiyədək təhlil etdiyimiz nəticələri konkretləşdiririk. YAP-ın özünün Azərbaycan konstitusiyasına, qanunlarına, Mərkəzi seçki komissiyasının (MSK) Əsasnaməsinə söykənən çox mükəmməl seçki texnologiyası mövcuddur. Bu seçki texnologiyasının icra olunması mexanizmləri artıq hakim partiyanın Mərkəzi aparatının icra katibliyi tərəfindən daha da müasirləşdirilir və dövrün tələblərinə uyğunlaşdırılır. YAP Qaradağ rayon təşkilatı hakim partiyanın fəal təşkilatlarından biridir. Biz də gündəlik işlərimizi seçki ilə bağlı məsələlərə sərf edirik. Bizim özümüz də rayonun spesifikliyinə, özünəməxsusluğuna və s. uyğun olaraq seçki çalarlarını ortaya qoymuşuq. Burada ən başlıca iş ondan ibarətdir ki, seçki ilə bağlı birinci növbədə bizim işimizin 90 faizi təbliğat baxımından həyata keçirilib. YAP-ın vahid namizədi ölkə başçısı İlham Əliyev olacaq. Bu tək hakim partiyanın deyil, ümumilikdə xalqın namizədi, arzusu və istəyidir.
- Necə düşünürsünüz, müxalifət tərəfindən adı hallanan amma heç cürə ərsəyə gələ bilməyən Milli Şura adlı qurumun indiyədək yaradıla bilməməsi nə ilə bağlıdır?
- Azərbaycanda hakimiyyət xalqa məxsusdur. Buna görə də bütün siyasi proseslərin nəticəsini məhz xalqın iradəsi ortaya qoyur. Azərbaycan xalqı hələ 1993-cü ildə öz iradəsini ortaya qoyub, inkişaf yolunu müəyyənləşdirib. "Xalqımız 20 ildir ki, öz inkişaf yolunu düzgün şəkildə müəyyənləşdirdiyini sübut edib. Bütün bunların hamısı prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını müdafiə edərək, onlardan etimad alıb həyata keçirdiyi işlərin nəticəsidir. Bir sözlə, Azərbaycanda baş verən və baş verə biləcək bütün prosesləri birmənalı olaraq xalq həll edir. Azərbaycan xalqı dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir və prezidentlə xalq arasında çox səmimi münasibət var. Bu gün Azərbaycan xalqını düşündürən məsələ odur ki, dövlətimiz daha da inkişaf etsin. Azərbaycan xalqının 20 il bundan geriyə qayıtmaq fikri yoxdur. İndi Rüstəm İbrahimbəyov, Eldar Namazov kimiləri ölkəmizin inkişafını istəməyən mərkəzlərin əllərində alətə çevrilib. Azərbaycanın nüfuzu, siyasi çəkisi nə qədər artırsa, bizə qarşı olan qüvvələr də özlərinin cılızlığını, ölkəmizi bu yoldan döndərə bilməyəcəklərini anlayaraq, bunun üçün milli satqınlardan istfadə edirlər. Ancaq bunların heç biri nəticə verməyəcək, çünki nə R. İbrahimbəyovun, nə də E. Namazovun Azərbaycan xalqı arasında nüfuzu yoxdur. Neçə illərdir ki, E.Namazov siyasətdədir. Bu insan siyasətdə olduğu dövrdə hansı nəticə ortaya qoya bilib və nə əldə edib? Onun arxasınca gedənlər kimlərdir? Bu gün onun dedikləri konkret olaraq Azərbaycan dövlətinin, millətinin hansı tərzdə maraqlarına uyğundur? Bu gün insanların gözü açıqdır və onların informasiya almaq imkanları daha genişdir. E. Namazovun və R. İbrahimbəyovun hansı mərkəzlərə xidmət etdiyini hamı görür. Yəni, bunların qarşıya qoyduqları məqsəd yalnız öz şəxsi mənafelərini güdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB