"Ermənistan Rusiyanın Qərbə və bölgəyə təhdid plastdarmıdır" MÜNASİBƏT
"Regiona bu kimi ağır silahların gətirilməsi strateji olaraq bölgəni kifayət qədər təhlükələrlə üz-üzə qoyur". SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Rusiyanın Ermənistana silah nəql etməsi məsələsinə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistanı silahlandırması Qafqazda gedən prosesləri daha da mürəkkəbləşdirir: "Şübhəsiz ki, Azərbaycan tərəfi Rusiyanın Ermənistanı silahlandırması məsələsinə qəti şəkildə etiraz edir. Bu hadisə Azərbaycanın xarici siyasətinə, investisiya mühiti ilə yanaşı, gerçək vəziyyətdə Dağlıq Qarabağ proseslərinə də mənfi təsir göstərir. Regiona bu qədər iri tutumlu silahların gətirilməsi, müharibə başlayarsa Azərbaycanın əleyhinə fəaliyyət göstərəcək resursların Ermənistanda toplanması avtomatik olaraq Azərbaycana iki mühüm istiqamətdə ziyan verir. Həm bu silahlanmanın qarşısında Azərbaycan balansı qorumaq üçün əlavə silah kütləsi almağa məcbur olur, həm də biz məsələnin normal siyasi həllinə ümid bəslədiyimizin əksini görürük. Yəni, bu silah nəqli bölgədə tamamilə fərqli tendensiyaların mövcudluğuna şərait yaradır. Düşünürəm ki, Rusiyanın Ermənistanı silahlandırmasına beynəlxalq diqqət tələb olunmalıdır. Güclü və geniş radiusda hədəflərə dəqiq zərbə vuran silahların və ən son istehsal olunmuş hərbi texnikanın Ermənistana gətirilməsini heç nə ilə əlaqələndirmək mümkün deyil. Ermənistan nəinki silah cəbhəxanasıdır, o açıq şəkildə Rusiyanın Qərbə və bölgəyə təhdid plastdarmıdır".
Rusiyanın Ermənistana silah nəql etməsinin Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini deyən millət vəkilinin sözlərinə görə, fakt odur ki, Ermənistana verilən silahların yerinə yetirdiyi funksiya son dərəcə təhlükəli proqnozlara yol açır: "Rusiyanın prezidenti Vladimir Putin bu gün Qafqazda İmperiya dövrünün siyasətini tətbiq etməyə başlayıb. Ermənistanı silahla təmin etməsi də buna sübutdur. Bu sübut isə təbii ki, Azərbaycan Rusiya münasibətlərinə mənfi təsir edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB