SAM beyin mərkəzlərinin beynəlxalq forumunu keçirib YENİLƏNİB-FOTO

SAM beyin mərkəzlərinin beynəlxalq forumunu keçirib YENİLƏNİB-FOTO

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumunu keçirib. SİA-nın məlumatına görə, 2 gün davam edəcək forumun ümumi mövzusu "Şərq-Qərb Strateji Körpüsü: QDİƏT Regionunda Təhlükəsizlik, İnkişaf və İnteqrasiya"dır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək deyib ki, 11 ölkədən beyin mərkəzinin təmsilçisi və rəhbəri Azərbaycana gəlib: "Əsas məqsəd Qara dəniz hövzəsinin yalnız Qara dəniz ölkələri ilə məhdudlaşmadığını, daha geniş coğrafiyanı əhatə etdiyini bildirməkdir. Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərin beyin mərkəzlərini təmsil edən yüksək səviyyəli ekspertlər, habelə, dövlət və özəl sektor təmsilçiləri Qara Dəniz regionunda ikitərəfli və çoxtərəfli münasibətlər, nəqliyyat, enerji, regional layihələr, təhlükəsizlik, siyasi və iqtisadi inteqrasiya kimi mövzuları müzakirə etmək imkanı əldə edəcəklər. Beyin mərkəzinin bu formatda görüşü ilk dəfə Azərbaycanda keçirilir. Bu, bir daha onun sübut edir ki, Azərbaycan artıq qlobal müzakirə məkanına çevrilir. Prezident İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin iştirakı olmadan heç bir layihə həyata keçirilə bilməz".

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, bu forumun nəticəsində, səmərəli müzakirələrdən sonra kitab dərc olunacaq: "Bununla da həmin ölkələrdə cərəyan edən prosesləri daha yaxından izləmək mümkün olacaq. Digər tərəfdən bu ölkələrin hər birində Azərbaycanın və SAM-ın müttəfiqi, partnyoru olan təşkilatlar var. Bu təşkilatlar vasitəsilə biz Azərbaycan reallıqları haqqında məlumatları həmin ölkələrə ekspert səviyyəsində çatdırırıq".

Bildirilib ki, son bir neçə ildə baş verən bir sıra hadisələr Qara Dəniz Regionunu diqqət mərkəzinə çevirib. Avropa İttifaqı və NATO-nun Qara Dəniz istiqamətində genişlənməsi hər iki institutun bu regiona olan diqqətini artırıb. Regionun Malik olduğu təbii resurslar, bu resursların daşınması baxımından və ümumilikdə Avrasiya məkanındakı ticarət yollarının üzərindəki geostrateji mövqeyi onun əhəmiyyətini artırır. Regionun sahib olduğu enerji resurslarına artan tələbat, nəqliyyat dəhlizi kimi əhəmiyyətinin artması bu resursların istismarı və nəqli, eləcə də Asiya və Avropa arasında malların və xidmətlərin nəqli üçün regional infrastruktur layihələrin həyata keçirilməsini zəruri edir. Bu layihələrin reallaşması isə öz növbəsində böyük həcmdə xarici investisiyaların regiona axını deməkdir. Beləliklə, sadalananların hər biri Qara Dəniz region ölkələri arasında ikitərəfli və çoxtərəfli siyasi və iqtisadi əməkdaşlığın və regional inteqrasiyanın təşviqi üçün münbit şərait yaradır".

Daha sonra proqram çərçivəsində təklif edilən mövzular ümumi və xüsusi sessiyalar və panellərdə müzakirə edilib.

"QDİƏ Regionunda Siyasi İqtisadi Tranformasiya" mövzusunda 1-ci paneldə çıxış edən millət vəkili Rasim Musabəyov forumun əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Qara Dəniz regionunda inkişafa təhdidlər və bu inkişafı ləngidə biləcək problemlər də mövcuddur: "Qara Dəniz regionunda siyasi və iqtisadi əməkdaşlıq və ineqrasiyanın arzuolunan səviyyəyə çatdırılması üçün regiondakı mövcud münaqişələr, iqtisadi və siyasi qeyri-sabitlik kimi məsələlər öz həllini tapmalıdır. Bu məqsədə çatmaq yolunda Qara Dəniz regionundakı ölkələr konstruktiv və məhsuldar əməkdaşlığa dair istəklərini ifadə edərək, regionu sülh, sabitlik və rifah regionuna çevirmək üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını yaratdılar".

Sonra Moldova Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınından Oleg Frunze "Dövlət idarəçiliyi sahəsində paradiqma dəyişikliyi - Moldova üçün həll yolu", Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzdən (Yunanıstan) Zefi Dimadama "Qara Dəniz regionunda QHT-lər regional əməkdaşlıq və inteqrasiyanın hərəkətverici qüvvəsi kimi", Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsindən Rəcəb Rəhimli "Dövlət idarəçiliyndə innovativ inkişaf prosesinin siyasi aspektləri", Moldova Elmlər Akademiyası Sosial elmlər və iqtisadiyyat şöbəsinin koordinatoru Viktor Moraru "Dəyişən dünyada kütləvi informasiya vasitələrinin missiyasi" mövzularında çıxış ediblər.

Azərbaycan Diplomatik Akademiyasının (ADA) elmi işçisi Taleh Ziyadovun moderatorluq edəcəyi "Qara Dəniz iqtisadi əməkdaşlıq: baxışlar və imkanlar" mövzulu 2-ci paneldə Bolqarıstan Diplomatik İnstitutundan Valentin Katranciyev "Böyük Qara Dəniz Regionunda Əməkdaşlığa Bolqarıstanın baxışı və maraqları", Rumıniya Prezidentinin Strateji Məsələlər və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri Yulian Çifu "Şərq Qərb Strateji Dəhlizi Qara Dəniz-Xəzər Dənizi", Kadir Has Universitetinin (Türkiyə) qonaq elmi işçisi Muxtar Hacızadə "Böyük Qara Dəniz Məkanında Kompleks Regionlaşma", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət idarəçiliyi fakultəsinin dekanı Eldar Azadov "Qeyri-neft sektorunun inkişafı Azərbaycanda iqtisadiyyatın əsəs prioritetidir" mövzusunda məruzələri olub.

Qeyd edək ki, foruma mayın 18-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə