Prezidentin "10 ilin dövlət adamı" seçilməsi tamamilə məntiqlidir MÜNASİBƏT

Millət vəkili: “Biz hər hansı sahəyə baxsaq, orada irəliləyişin, inkişafın şahidi ola bilərik”
Prezidentin "10 ilin dövlət adamı" seçilməsi tamamilə məntiqlidir MÜNASİBƏT

"Prezident İlham Əliyevin belə bir müsabiqədə qalib seçilməsi tamamilə məntiqlidir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilməsi məsələsinə münasibət bildirərkən deyib.

İcra katibi müavinin sözlərinə görə, ölkə başçısı İlham Əliyev 10 ildir ki, Azərbaycana rəhbərlik edir. Hakimiyyətdə olduğu illərdə ölkəmiz bütün (sosial, siyasi, iqtisadi, psixoloji, mənəvi, beynəlxalq, diplomatiya və s.) sahələrdə irəliyə doğru addımlayıb: "Biz hər hansı sahəyə baxsaq, orada irəliləyişin, inkişafın şahidi ola bilərik. Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycanın regionda rolu, nüfuzu getdikcə güclənib. Bu gün biz bölgənin lider ölkəsiyik. Cəbubi Qafqaz regionunda Azərbaycanın iştirakı olmadan hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Ölkəmiz eyni zamanda bölgədə tam müstəqil siyasət yürüdən dövlət sayılır. Bununla belə dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş sayılır. Azərbaycan iqtisadi baxımdan dünyanın xarici şirkətləri üçün mühüm rola malikdir. Dövlətimiz öz siyasəti ilə dünyada gedən prosesə təsir etmək imkanı əldə edib. Azərbaycan bu gün BMT TŞ-nın qeyri daimi üzvü olaraq qlobal miqyasdakı proseslərdə söz sahibinə çevrilib. Eyni zamanda ölkə başçısı dünya liderləri arasında nüfuzlu şəxsiyyət və lider olaraq hamı tərəfindən qəbul olunub. Azərbaycanın müstəqil siyasəti hər sahədə özünü göstərib. Biz bu gün müstəqil enerji siyasəti həyata keçiririk. Məhz Prezidentin səyi sayəsində biz enerji, ərzaq, ekoloji təhlükəsizliyimizi təmin etmişik. Biz Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların işğalına son qoymaq üçün güclü siyasət ortaya qoymuşuq. Məhz bu siyasətin sayəsində biz Ermənistanı iqtisadi yolla taqətdən salmaq baxımından ciddi irəliləyişə nail olmuşuq. Bu gün Ermənistan taqətdən düşmüş oyunçuya bənzəyir. Onun artıq ayaqları yer tutmur və zəifliyi hər an özünü göstərir. Məhz onun zəifliyinin nəticəsidir ki, adı çəkilən bu dövlət artıq vassala çevrilib. İşğalçı ölkənin ərazisi üçüncü ölkə tərəfindən idarə olunmaqdadır. Hazırda həmin ölkənin ərazisi forpost və beynəlxalq münaqişə mərkəzinə çevrilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə