YAP Naftalan şəhər təşkilatının IX konfransı keçirilib

YAP Naftalan şəhər təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının baş təlimatçısı Rafael Gülməmmədov, "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə tər çiçəklər düzüblər. Daha sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev hazırkı dövrə qədər fəaliyyətilə bağlı hesabat verib.

Bildirib ki, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı yarandığı vaxtdan qısa bir zaman keçməsinə baxmayaraq lazımi səviyyədə təşkilatlanıb, qısa müddətdə uğurlu yol keçərək Yeni Azərbaycan Partiyasının ən qabaqcıl bir dəstəsinə çevrilib: "Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı 37 ərazi ilk partiya təşkilatında 1064-nəfər partiya üzvünü özündə birləşdirir. Partiya üzvülərinin 357-nəfəri gənclər, 621-nəfəri isə qadınlardır. Partiya üzvlərindən 443-nəfəri ali təhsilli, 397-nəfəri orta-ixtisas təhsilli, 224-nəfəri isə orta təhsillidir. Təşkilatın VIII konfransından hazırkı dövrə kimi şəhər təşkilatında bir çox işlər görülüb. Ötən illərdə şəhərdə ilk təşkilatlarda YAP üzvülərinin partiya sıralarına qəbul dinamikası qənaətbəxş hesab olub. 2012-ci ildə YAP sıralarına 59 nəfər qəbul olunub. YAP Naftalan şəhər təşkilatının tərkibində gənclərin sayının artması və sıralarının möhkəmlənməsi məqsədilə bir çox ərazi ilk partiya təşkilatlarında partiya sıralarına qəbul zamanı gənclərə daha çox üstünlük verilir.YAP-ın Mərkəzi Aparatı tərəfindən Prezident seçkilərinə hazırlıqla bağlı verilən bir sıra tapşırıqlara əsasən seçki məntəqələrinin yeni tərkibi müəyyənləşdirilib. Seçici siyahıları dürüstləşdirilərək, seçkidə fəaliyyət göstərəcək müşahidəçilər, təbliğat və təşviqat qrupu, məşvərətçi səs hüquqlu nümayəndələr və imza toplayanların forma üzrə siyahıları dəqiqləşdirilmiş və Mərkəzi Aparata təqdim edilib. YAP Naftalan şəhər təşkilatının gördüyü işlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur. Belə ki, bəzi ilk partiya təşkilat sədrləri və partiya üzvləri öz siyasi hazırlıqlarını və öz üzərlərinə düşən məsuliyyəti daha da artırmalıdırlar. Bizim bir məqsədimiz var ki, o da siyasi mübarizədə qalib gəlmək üçün növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləməli və müdafiə etməliyik".

Konfransda çıxış edən "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranıb: "Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilib. Artıq YAP nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilib. Bu gün Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilir. Ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu öndər ideyalarına sadiq qalaraq Azərbaycanımızı sürətlə irəliyə aparır".

Konfransın proqramına uyğun olaraq YAP Naftalan şəhər təşkilatından YAP-ın V qurultayına 3 nəfərin - Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, YAP Naftalan rayon təşkilatının sədri Hatəm Qocayev, YAP-nın fəal üzvü şəhər İcra Hakimiyyəti aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev namizədliyi irəli sürülüb. Səsvermə yolu ilə hər üç namizədin YAP-ın V qrultayında iştirakı təsdiqlənib.

Konfransın sonunda Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransının iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraicət qəbul olunub.

Qeyd edək ki, konfransın 80 nəfər nümayəndəsindən 78 nəfəri konfransda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə