“Laçın bizi səsləyir...” FOTOLAR

“Laçın bizi səsləyir...” FOTOLAR

Laçın rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. Bununla bağlı Qarabağ – QHT Koalisiyası "Laçın bizi səsləyir..." mövzusunda tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Qarabağ – QHT Koalisiyasının sədri Vüqar Qədirov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov, Tərxis Olunmuş Hərbçilərin İctimai Birliyinin sədri Emin Həsənli, Laçın rayon icra hakimiyyətinin məsul işçisi Yaqut Cabbarova və digər şəxslər iştirak edib.

Tədbirdə ilk olaraq ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qarabağ – QHT Koalisiyasının sədri Vüqar Qədirov son 200 il ərzində ermənilərin türk dünyasına qarşı törətdiyi cinayətlər barədə məlumat verib: "Yenicə müstəqillik əldə etmiş ölkəmizdə yaranmış gərgin siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri, öz havadarlarının köməyi ilə öncə alınmaz qala olan Şuşanı, daha sonra isə Laçın rayonunu işğal etdilər. Rayon əhalisinə külli miqdarda maddi və mənəvi ziyan vuruldu. Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyevin apardığı çevik və məqsədyönlü siyasət nəticəsində ordumuza ayrılan vəsait, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı, ölkə büdcəmizin sürətlə artması işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaq olmadığını deməyə imkan verir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2011-ci ildə dekabr ayının 24-də öz 50 illik yubileyini Ağcabədi rayonun Taxta körpü qəsəbəsində böyük, müasir şəhərciyin açılışında iştirak etməklə keçirməsi, laçınlı məcburi köçkünlər ən böyük diqqət və qayğı kimi qiymətləndirilir".

V.Qədirov onu da bildirib ki, Rusiya, eləcə də İran istəmir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun: "Eyni zamanda ermənilərə havadarlıq edən Fransa, ABŞ, ATƏT-in Minsk qrupunda dirnaqarası fəallıq etsələr də, əslində bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını istəmir. Ona görə də, əgər müharibə başlasa, Azərbaycan cılız Ermənistana qarşı yox, Rusiyaya, İrana, Fransaya eləcə də ATƏT-in Minsk Qurupuna qarşı vuruşmalı olacaq. Ancaq biz hərbi yolla da olsa, mübarizə aparıb torpaqlarımızı geri qaytaracağıq".

Daha sonra çıxış edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə isə deyib ki, artıq ARGTMŞ 104 gənclər təşkilatını birləşdirir: "Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının (Advisory Council on Youth of Council of Europe) üzvü seçilməsi Qarabağ həqiqətlərinin daha çox dünya çatdırılmasına imkan verəcək. Eyni zamanda gənclərimiz xarici dilləri yaxşı öyrənərək Azərbaycan həqiqətlərini Avropaya, Qərbə çatdırmaqda yardımçı olacaqlar. Bu istiqamətdə tədbirləri ara sıra yox, daimi olaraq keçirməliyik. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün QHT-lərin Milli strategiyası olmalıdır".

Çıxış edən QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov bildirdi ki, may ayı Azərbaycan tarixi üçün həm faciəvi, həm də sevincli anlarla doludur: "Bu ay ona görə sevinclidir ki, Azərbaycan tarixdə ilk dəfə olaraq müstəqil demokratik respublika qurub. Amma unutmaq olmaz ki, Azərbaycanın dilbər guşələrindən olan Şuşa və Laçın məhz bu ayda erməni işğalçılarının tapdağı altına düşüb".

Tərxis Olunmuş Hərbçilərin İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur: "Azərbaycan ordusu hər üç aydan bir hərbi təlimlər keçirdiyi halda, Ermənistan bunu 5 ildə bir dəfə həyata keçirir. Bu da ondan xəbər verir ki, Azərbaycan ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə hər an Qarabağımızı işğaldan azad edə bilər. Hesab edirəm ki, işğal olunmuş torpaqlarımızı azad etmək üçün ordumuza bir neçə saat kifayət edir".

Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Sonda, Qarabağa və Laçına həsr edilən şeirlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə