Elman Abdullayev Qahirə Universitetində Ermənistan-Azərbaycan münaqişəsindən danışıb

Elman Abdullayev Qahirə Universitetində Ermənistan-Azərbaycan münaqişəsindən danışıb

Qahirə Universitetinin İqtisadiyyat və siyasi elmlər fakültəsində fəaliyyətə başlayan "Azərbaycan tədris proqramı" çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çıxış edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın tarixi inkişaf yolu, dövlətçilik ənənələri və regionda oynadığı rol barəsində danışan Elman Abdullayev, çar Rusiyasının şərqə doğru genişlənməsi və Cənubi Qafqaz regionunun işğalı və bundan sonra süni köçürmə vasitəsilə tarixi Azərbaycan torpaqlarında ermənilərin demoqrafik mövcudluğunun yaradıldığını qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin məhz buradan qaynaqlandığını bildirib və iyirminci yüzillik ərzində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları və münaqişəsinin cari vəziyyətindən danışıb.

Ermənistanın işğalçılıq siyasəti, erməni terroru və bu xüsusda Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə və Xocalı soyqırımı barəsində ətraflı danışan Elman Ebdullayev, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi, Azərbaycanın region və onun hüdudlarından kənarda çiçəklənmə və inkişafa verdiyi töhfələr haqqında ətraflı məlumat verib. Gürcüstan və Türkiyə ilə qurulmuş enerji və nəqliyyat əməkdaşlığını və Azərbaycanın bu əməkdaşlığın ərsəyə gətirilməsi və inkişafında oynadığı xüsusi rolu qeyd edən E. Abdullayev, Ermənistanın öz mənfur siyasətinə görə regional inkişafdan kənarda qaldığını və üzləşdiyi sosial, demoqrafik və iqtisadi çətinliklərin fonunda tənəzzülə doğru getdiyini bildirib.

Mətbuat katibi əldə edilmiş siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah nəticəsində Azərbaycanın müstəqil, şəffaf və aydın xarici siyasət yürütdüyünü və bu siyasətin artıq regional müstəvidən qlobal müstəviyə doğru irəlilədiyini söyləyərək bu xüsusda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi oynadığı rol, qlobal problemlərin həllinə verdiyi müsbət töhfələrindən bəhs edib. O, etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin sayının və coğrafiyasının olduqca geniş olduğunu deyib.

Qeyd edək ki, 16 may tarixində bu kurs çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüsal Qasımlı və Rövşən İbrahimovun çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə