“İş dünyasında korrupsiya və etika” FOTOLAR

“İş dünyasında korrupsiya və etika” FOTOLAR

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) USAİD və Transparency İnternational Təşkilatının milli bölməsi olan "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin dəstəyi ilə "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində "İş dünyasında korrupsiya və etika" mövzusunda təlim keçirilib. SİA-nın verdiyi xəbərə görə, təlim zamanı gənclərə "Karyera yüksəlişində korrupsiyanın maneələri", "Biznes etikası və korrupsiyaya qarşı qanunun öyrənilməsi" istiqamətində məlumat verilib, müzakirələr aparılıb.

Layihənin keçirilməsi ilə bağlı gəncləri məlumatlandıran AGAT-ın sədr müavini Nərgiz Xələf bildirib ki, layihənin keçirilməsində əsas məqsəd korrupsiyaya qarşı mübarizədə gənclərin rolunun artırılmasıdır: "AGAT USAİD və Transparency İnternational Təşkilatı ilə birgə bu layihəyə start verib. Layihə Bakı və region gəncləri üçün nəzərdə tutulub. Təlimlər zamanı gənclərə çatdırılır ki, qlobal problemlərdən olan korrupsiyanın aradan qaldırılması üçün gənclərin rolu əvəzedilməzdir. Bununla bağlı AGAT olaraq ölkəmizdə bu problemin həll olunması üçün bütün gəncləri səfərbər edirik. Bugünkü təlimin mövzusu isə "İş dünyasında korrupsiya və etika"dır. Bu gün Azərbaycan gəncləri arasında mövhumat bir fikir yayılıb ki, biznes aləmində irəli getmək üçün korrupsiya köməkçi vasitədir. Ancaq AGAT belə layihələr vasitəsilə bu mövhumat fikirləri aradan qaldırmağa çalışır. Həmçinin gənclərə çatdırırıq ki, ölkəmizin ən vacib qüvvəsi elə özümüzük. Gənclər olaraq problemləri görürük və onların aradan qalxmasında əlimizdən gələni əsirgəməməliyik".

Təlimə rəhbərlik edən biznes etikası üzrə ekspert Günel İbrahim gənclərə "İş dünyasında korrupsiya və etika" ilə bağlı məlumat verərək gənclərə iş dünyasında vacib olan özlərini doğru ifadə etməkdən danışıb: "Özünü doğru ifadə edə bilən etikalı insan korrupsiyadan yan keçə bilər. Korrupsiya ilə mübarizədən yan keçməyin hələlik yeganə üsulu məyyən edilib. Bu yüksək səviyyədə özümüzün kamilləşməsi, etik, işgüzar dünyada olan qaydaları bilməklə özünü doğru işçi kimi ifadə edə bilməkdir. Hər bir gənc yadda saxlamalıdır ki, əvəz edilməyən işçi yoxdur".

Təlim iştirakçısı Jalə Əliyeva bildirir ki, belə təlimlərin gənclərə keçirilməsi çox əhəmiyyətlidir: "Gənclərimiz belə layihələrdə mütləq iştirak etməlidir. Çünki bir gənc olaraq bu tədbirdə çox lazımlı məlumatlar əldə etdim".

Daha sonra təlim ofis şəraitində praktiki olaraq davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə