Azad İsgəndərli: “Müxalifət Azərbaycanın milli məsələlərinə laqeyd yanaşır”

Azad İsgəndərli: “Müxalifət Azərbaycanın milli məsələlərinə laqeyd yanaşır”

Sosial hüquqların monitorinqi qrupunun koordinatoru Azad İsgəndərlinin Səs TV-yə müsahibəsi:

- Azad müəllim, 1992-ci ildən ABŞ Konqresi tərəfindən "Azadlığa dəstək aktı"na 907-ci düzəlişlə Azərbaycana bu ölkə tərəfindən göstərilən yardım dayandırılıb. 9 il sonra bu düzəlişin hüquqi qüvvəsi dayandırılsa da, ləğv olunmayıb. Bununla bağlı bir sıra tədbirlər həyata keçirən qurum kimi, sizcə, ABŞ bu ədalətsizliyə niyə son qoymur, bu utancı üzərindən nə vaxt atacaq?

- Biz bir ilə yaxındır ki, bu mövzu ilə əlaqədar genişmiqyaslı aksiyalar təşkil edirik. Bu aksiyalar demək olar ki, bir neçə xarici dövlətdə keçirilib. Buna misal olaraq Rusiyanı, Almaniyanı göstərə bilərik. 907-ci düzəliş Amerikanın Azərbaycana yardımını qadağan edir. Biz çox gözəl başa düşürük ki, Azərbaycanın Amerikanın yardımına ehtiyacı yoxdur, buna baxmayaq biz siyasi təzyiqlərə boyun əymək fikrində deyilik. O dövrdə yaşayan insanlar yaxşı xatırlayırlar, 1992-ci ildə ölkəmiz informasiya blokadası vəziyyətində idi. ABŞ konqresində Con Kerri və Cossef Bayder bu məsələnin müzakirəsini irəli sürdülər. Onların səyi nəticəsində konqres bunu qəbul etdi. Bizi məyus edən isə odur ki, 907-ci düzəliş hələ də qüvvədə qalır. Bizim Azərbaycan xalqı olaraq Amerikanın yardıma ehtiyacımız yoxdur. Bu düzəlişin hələ də qüvvədə qalmasına səbəb ABŞ-ın Azərbaycanı öz təzyiqi altda saxlamaq istəyidir və Azərbaycanın dövlət siyasəti ABŞ-ın marağı ilə uzlaşmadıqda o, hər an 907-ci düzəlişi ölkəmizə qarşı istifadə edə bilər. Bizim ABŞ konqresindən və prezidentindən ricamız odur ki, bu məsələyə yenidən baxsın, onun ləğvinə qərar versin.

- Aksiya barədə Azərbaycan xalqından, ölkə ictimaiyyətindən nə kimi dəstək gözləyirsiniz?

- Biz bu kampaniyaya start verdiyimiz gündən bəri heç bir ictimai-siyasi qurum bizə dəstək verməyib. Bu məsələyə niyə laqeyd yanaşılır? Çox əfsus ki, bu gün ölkə müxalifəti Azərbaycanın milli məsələlərinə olduqca laqeyd yanaşır. Onların məqsədi ancaq hakimiyyət davasıdır, dövlətin inkişafına dəstək olan hansısa tədbir görməkdən boyun qaçırırlar.

Mən Azərbaycan prezidentinin siyasətini çox bəyənirəm, Azərbaycandakı yerli və xarici dövlət qurumlarına səslənərək deyirəm ki, Azərbaycanın dövlət siyasətinə dəstək verin. Bu gün Azərbaycan xalqı işğal olunmuş ərazilərini azad etməyə, vətən uğrunda canından keçməyə hazırdır. Biz bir xalq olaraq, Ali Baş komandanın əmrini gözləyirik. Xaricdə fəaliyyət göstərən yerli qurumlara üz tutaraq öz iradımı bildirirəm ki, Azərbaycanda çevriliş etmək niyyətindən əl çəkin. Bizim bugünkü mövqeyimiz ölkə prezidentinin siyasətini dəstəkləyərək, Azərbaycan torpaqlarını işğaldan azad etmək olmalıdır.

Sona Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə