“Azərbaycanın gələcəyi yalnız İlham Əliyevin əlindədir”

"Partiyamızın sədri gənclər arasında rəğbətlə qarşılanır”
“Azərbaycanın gələcəyi yalnız İlham Əliyevin əlindədir”

"Gənclərlə İş üzrə İctimai Şuranın iclasında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi ilə bağlı Şura adından bəyanatın qəbul olunması gənclər təşkilatları tarixində mühüm hadisədir. Bəyanatın qəbul olunması onu göstərir ki, Azərbaycan gəncliyi, ölkəmizin düşünən gənc beyinləri cənab Prezidentin ətrafında sıx birləşiblər". Bu fikirləri SİA-ya açıqlamasında həmin bəyanata münasibət bildirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən aparıcı gənclər təşkilatları bir araya gələrək, yekdilliklə İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib: "Gənclərimiz ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasəti bəyənir, birmənalı şəkildə prezidentimizi dəstəkləyirlər. Sözügedən bəyanatın qəbul olunması da gənclər tərəfindən cənab Prezidentə verilən dəstəyin bariz nümunəsidir. Gənclərin bu cür addım atması Azərbaycanın ən böyük siyasi gənclər təşkilatı olan YAP GB-nin sədri olaraq mənə iftixar hissi verir. Yeni Azərbaycan Partiyasının sədri bu gün gənclər arasında xüsusi rəğbətlə qarşılanır".

"Prezident İlham Əliyevin gənclər üçün gördüyü işlər hər zaman dəstəklənməlidir. Onun həyata keçirdiyi siyasət yalnız bu günə hesablanmayıb. Dövlət başçısı atılan hər addımda xalqın və xüsusən də gənclərin illər sonrakı gələcəyini düşünür. Bundan başqa, ölkəmizin iştirakı olmadan regionda heç bir layihə, siyasi proses həyata keçirilə bilməz. Beynəlxalq reytinq agentliklərinin statistikalarına nəzər saldıqda şahidi oluruq ki, Azərbaycan düzgün şəkildə idarə olunur. Ölkəmizdəki inkişafı isbat edən bu göstəricilər bunları deməyə əsas verir",- deyə S. Orucov fikirlərinə əlavə edib.

Prezident İlham Əliyevin hər zaman gənclərin yanında olduğunu deyən YAP GB-nın sədri qeyd edib ki, ölkə başçısı zamanın tələbinə uyğun olaraq gənclərə qarşı olan siyasətini daima yeniləyir və bunu yeni məzmunda həyata keçirir: "Prezidentin Nazirlər Kabinetinin iclasında gənclərlə bağlı söylədiyi fikirlər çox vacib idi. Gənclər üçün sosial ipoteka şərtlərin yüngülləşdirilməsi və bugünkü zamana uyğunlaşdırılması ilə bağlı təklif olunan fikirlər dünənki prosesin təsadüfdən olmadığını sübut etmiş olur".

S. Orucov onu da vurğulayıb ki,YAP GB-nin fəalları hər zaman prezident seçkilərində aktiv iştirak ediblər və bundan sonra da bu istiqamətdə partiya rəhbərliyinin həyata keçirdiyi tədbirlərdə lazımınca təmsil olunacaq: "Bu addımı həm də Azərbaycanın bundan sonrakı gənc nəsli üçün atmalıyıq. Azərbaycanın gələcəyi yalnız İlham Əliyevin əlindədir. Bütün sahələrdə çalışan gənclərlə bir arada bu istiqamətdə öz fəallığımızı nümayiş etdirməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə