Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Bakıda akkreditə olunmuş diplomatik korpusunun təmsilçiləri mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu, bütün mənalı ömrünü xalqımıza həsr etmiş və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət etmiş böyük tarixi şəxsiyyət kimi səciyyələndirdi. Dövlətimizin başçısı bildirdi ki, Ümummilli Liderin timsalında əyani şəkildə görünür ki, şəxsiyyətlərin tarixdə rolu bəzi hallarda əvəzsizdir.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi tarixə nəzər salan Prezident İlham Əliyev məhz bu dövrlərdə Azərbaycanda bütün proseslərin müsbət istiqamətdə inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, Ümummilli Liderin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində ölkəmiz sovet məkanında ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdi. O vaxt respublikanın həm sosial-iqtisadi inkişafında, həm milli mənəvi dəyərlərin təbliğində ulu öndər Heydər Əliyev böyük işlər gördü. Nəticədə hər bir sahədə inkişaf özünü büruzə verdi.
Ümummilli liderin Moskva dövrü barədə danışan Prezident İlham Əliyev bu illərdə də Ulu Öndərin Azərbaycana daim diqqət göstərdiyini qeyd etdi. Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırıldığı illərdə respublikada mənfi proseslərin baş verdiyini, o vaxtkı rəhbərliyin bu çətinliklər qarşısında aciz qaldığını deyən dövlətimizin başçısı Ulu Öndərin Naxçıvan dövrü barədə də danışdı, Heydər Əliyevin Naxçıvanı ermənilərdən qoruduğunu, çətinliklərdən çıxardığını vurğuladı.
Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra müstəqilliyi möhkəmlətmək üçün cəsarətli addımlar atdığını, məhz həmin illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşdığını, inkişafın təməlinin qoyulduğunu, bu gün ölkənin ictimai-siyasi həyatında böyük rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışı bütövlükdə müasir tariximizdə dönüş nöqtəsi oldu. Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi ilə böyük layihələrin həyata keçirildiyini, quruculuq işlərinin görüldüyünü deyən Prezident İlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm əsasların bu gün Azərbaycanı bütün dünyaya qüdrətli dövlət kimi tanıtdığını, ölkəmizin beynəlxalq aləmdə böyük rəğbətə malik olduğunu vurğuladı. Bildirdi ki, bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir.
Prezident İlham Əliyev ölkəmizin nailiyyətlərindən danışdı, təşəbbüslərimizin və başladığımız bütün işlərin uğurla başa çatdığını söylədi, bu gün Azərbaycanın böyük inkişaf dövrünü yaşadığını qeyd etdi. Diqqətə çatdırdı ki, bu inkişafın təməli 1993-cü ildə qoyulmuşdur.
Son 10 ildə dövlətimizin daxili və xarici siyasətlə bağlı irəli sürdüyü təşəbbüslərdən danışan Azərbaycan Prezidenti nəhəng layihələrin icra olunduğunu, qeyri-neft sektorunun inkişaf etdiyini, siyasətimizin düşünülmüş şəkildə aparıldığını söylədi. Prezident İlham Əliyev müstəqilliyin ən böyük sərvət olduğunu qeyd etdi. "Bizim müstəqil qüdrətli dövlətiniz vardır", - deyən dövlətimizin başçısı müstəqil Azərbaycanın vətəndaşları olduğumuzla fəxr etdiyimizi vurğuladı.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
Daha sonra ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimin bədii hissəsi oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB