Elman Nəsirli: “Krakov danışıqları prezidentlər arasındakı görüşə körpü ola bilər”

Elman Nəsirli: “Krakov danışıqları prezidentlər arasındakı görüşə körpü ola bilər”

Ermənistan – Azərbaycan "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib. Bunu SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.

Politoloqun sözlərinə görə, münaqişənin həlli istiqamətində danışıqlar prosesi müsbət nəticə verməsə, alternativ variantlar önə çəkilə bilər: "Qarşıdan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkil etdiyi Krakov görüşü gəlir. Ancaq bu Paris görüşündə olduğu kimi, xarici işlər nazirləri səviyyəsində olacaq. İstənilən görüş konkret məqsəd daşıyır. Xarici işlər nazirləri səviyyəsində aparılan danışıqların ardınca prezidentlər səviyyəsində görüş üçün əsaslar qoyulur. Bu baxımdan hesab etmək olar ki, prezidentlər arasında belə bir görüş baş tuta bilər. Amma hər şey Ermənistanın tutduğu mövqedən asılıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və danışıqlar prosesinə yeni impluslar vermək istəyir. Bu yeni impluslara Ermənistanın reaksiyası necə olacaq? Danışıqlar prosesinə gedəcək və ya getməyəcək? Bu suallar hələlik cavabsız olaraq qalır. Hərhalda, ATƏT-in Minsk qrupu prezidentlər səviyyəsində danışıqların baş tutmasında israrlıdır".

E.Nəsirli vurğulayıb ki, danışıqlar prosesi bir nəticə vermədiyi halda Azərbaycan alternativ variant önə çəkə bilər: "Bu variant isə münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin kəsilməsidir. Danışıqların kəsilməsi isə öz növbəsində tənzimləmə proseslərinin daha mürəkkəb ssenari üzrə inkişafını özündə ehtiva edə bilər. Yəni danışıqlar prosesi kəsiləcəyi təqdirdə münaqişənin həlli hərbi müstəvidə aktuallaşa bilər. Bu məsələnin gündəliyə gəlməsini istəməyən ATƏT-in Minsk qrupu nəticə əldə olunmasa belə, hər vəchlə prezidentlər səviyyəsində görüşlərin keçirilməsində olduqca israrlıdır. Belə olduqda, Krakov danışıqlarının da prezidentlər arasındakı görüşə körpü rolunu oynayacağını proqnozlaşdırmaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə