Əli Əhmədov: “Biz bunu qətiyyətlə pisləyirik” AÇIQLAMA

Əli Əhmədov: “Biz bunu qətiyyətlə pisləyirik” AÇIQLAMA

"Human Rights Watch" beynəlxalq təşkilatının Azərbaycana münasibətinin qərəzli olmasına rəğmən, bizim ona münasibətimiz obyektivdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən deyib.

YAP-ın Sədr müavininin sözlərinə görə, Azərbaycanda insan haqlarının qorunması ilə əlaqədar çox ciddi layihələr həyata keçirilir: "Hesab edirəm ki, ölkəmizdə insan haqlarının qorunması üçün səmərəli mexanizm formalaşıb və demokratik təsisatlar fəaliyyət göstərir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyri-obyektivliyi ilə seçilən "Human Rights Watch" beynəlxalq təşkilatı Azərbaycanla bağlı hazırladığı hesabatlarda həmişə çox ciddi təhriflərə və qərəzliliyə yol verir. Biz bunu qətiyyətlə pisləyirik. Hesab edirəm ki, istənilən beynəlxalq təşkilatın hazırladığı hesabatlar reallığı əks etdirmirsə, təbii ki vətəndaşlar o hesabatlarda səsləndirilən fikirlərlə razı olmayacaq. Bizim üçün ən dəyərli fikir Azərbaycan vətəndaşının, insanının rəyidir. Ölkə vətəndaşları Azərbaycandakı real həqiqətlərin nədən ibarət olduğunu çox gözəl bilirlər. Belə olan halda ayrı-ayrı beynəlxalq təşkilatların həqiqətdən uzaq olan hesabatlarının hazırlanması, dərc olunması Azərbaycandakı ictimai-siyasi proseslərə insanların əhval ruhiyyəsinə, düşüncələrinə təsir etmək imkanında deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə